Siz əlasınız, əlanı da seçəcəksiniz – Ceyhun Musaoğludan Mətbuat Şurasının qurultayına
Dağ boyda cavab mərhələsi məndə qaldı. 24 sentyabrda tarixi gün yaşayacağıq. Mətbuat Şurasının VIII qurultayıdır. Bütün qurultaylarda dəyişiklik arzuladıq, səy göstərdik, bir araya gəldiyimiz Şuranın inkişafında həmişə maraqlı olduq. O maraq bu gün də aktuallığını qoruyur. Dövrün tələbinə uyğun, obrazlı desək, Şuşalı Azərbaycanın bütün sahələrində yenilik qaçılmazdır.
Mətbuat Şurasının İdarə Heyətinə İctimaiyyət nümayəndəsinin təmsilçisi kimi – Jurnalist Ekspert Mərkəzi olaraq sevgi dolu üzv olmaq iddiam var. Haqqım var, demərəm. O haqqı seçən seçiləndən daha dəqiq bilir. İnsan seçilməyi ilə deyil, seçməyi ilə seçilir. Ancaq sevgim var – bütün insanlara, insanlığa, xüsusən də jurnalistlərə, jurnalistikaya. Bu münasibətimi İdarə Heyətində təmsil olunmaqla həm də hüquqi cəhətdən gerçəyə, nəticəyə çevirə bilərəm.
Mətbuat Şurası jurnalistlərin daha geniş birləşə biləcəyi ictimai qurum olduğuna görə, sağlam mühitin formalaşmasında böyük işlər görə bilər. Mən də o işlərin ən ağırını, ən çoxunu təmənnasız və istisnasız həyata keçirməyə hazıram – həm bacarığım, həm enerjim, həm də sevgimlə.
Kiçik fəaliyyət konsepsiyam da var. Geniş konsepsyamı isə seçkidən dərhal sonra hazırlayıb diqqətinizə çatdıracam. Hələlik ilk görəcəyim işlərin bir qismini sadalayım.
Əgər Mətbuat Şurası İdarə Heyətinə üzv seçilsəm:
1. Mətbuat Şurasının səlahiyyətlərinin artırılmasına çalışacam;
2. Mərhum Jurnalistlərin Ailələrinə Dəstək Fondu yaradılması təklifi ilə çıxış edəcəm;
3. Azərbaycan Jurnalistlərinin Birləşmiş Həmkarlar Komitəsinin yaradılmasına səy göstərəcəm – (Bu konteksdə jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqiamətində dövlətin gördüyü işlərə xeyli dərəcədə təkan vermiş olarıq).
4. Mətbuat Şurasında həftədə iki dəfə ödənişsiz əsaslarla tələbə jurnalistlərə praktiki ustad dərslərinin təşkili təşəbbüsünü irəli sürəcəm. Bu təlimləri mətbuatda illərdir təmiz imza saxlamağı bacaran peşəkar jurnalistlər aparacaqlar, onlara qonorarların da ödənilməsinə çalışacam ( Bu prosesə biznes şirkətlərini qoşmaq mümkündür).
5. Hər bir jurnalistin doğum günündə Mətbuat Şurası tərəfindən xüsusi diqqətə layiq görülməsinə çalışacam.
6. Mətbuat Şurasının tərkibinin məhz sağlam əqidəli, peşəkar meyarları heç nəyə qurban verməyəm media orqanlar ilə genişlənməsini əsas götürəcəm.
7. Mətbuat Şurası İdarə Heyətinin vahid müxanizm kimi çalışmasına xidmət edən addımları dəstəkləyəcəm, merkantil maraqlara zərrə də yol verilməyəcəm;
8. İdarə Heyətinin bütün üzvlərini özümdən öndə görəcəm, seçilmiş 23 nəfərin hər birinə daimi hörmət, böyük izzətlə yanaşcam, onların dəyərli fikirlərinin şaxalənməsini və təcrübü tətbiqini əsas meyar kimi dəyərləndirəcəm.
SİZ ƏLASIZ, ƏLANI DA SEÇƏCƏKSİNİZ!
Teqlər: Mətbuat-Şurası