Evini muzeyə çevirən şəhid anası – VİDEO

   Evini muzeyə çevirən şəhid anası –    VİDEO
  17 Oktyabr 2022    Oxunub:1514
Mingəçevirdən olan Şəhid qardaşlar - Vətən Müharibəsinin şəhidləri Əli və İslam Əhmədovların anası Sevinc xanım evlərini muzeyə çevirib. İndi onun bir arzusu var: yeganə əmlakını şəhid qardaşların ev-muzeyi kimi dövlətə təhvil vermək... Çünki Sevinc ananın bu evi miras qoyacağı varisi yoxdur.
“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri, həmçinin vətənpərvərlik mahnılarına yazdığı sözlərlə tanınan şair Cəlal Qurbanov şəhid anasını ziyarət edib.

“Bu ananın qüruru qarşısında hisslərimi və göz yaşlarımı idarə edə bilmirəm. - Cəlal Qurbanov “instagram” səhifəsində yazıb. - Bu ananın durduğu zirvə əlçatmazdır. Həddi-büluğa çatdırandan sonra, ən çox ehtiyacın olduğu vaxtda iki övladını birdən itirmək qədər faciəvi həyatı təsəvvür etmək mümkün deyil. Sevinc ana bu dərdi təsəvvür etmir, yaşayır. Onun ağrısı artıq keyiyib, yerini xatirələri yaşatmaq cəhdlərinə verib.



Sevinc ana həyatının geridə qalan illərini oğullarının şəkillərində, geyimlərində, şücaət dolu hekayələrində yaşayır. Sevinc ana nə bu günü, nə gələcəyi hiss edir. O keçmişlə qidalanır. Nə qədər acı olsa da, evini oğullarının qısa ömrünə bələdçilik edən muzeyə çevirib. İndi onun bir arzusu var: yeganə əmlakını şəhid qardaşların ev-muzeyi kimi dövlətə təhvil vermək... Çünki Sevinc ananın bu evi miras qoyacağı varisi yoxdur. Təəssüf ki, onun geni davam etməyəcək. Amma oğulları Əli və İslamın ruhları adlarına olan ev-muzeyin əbədi sakinləri olacaqlar.

Sevinc ana, sakitləşə bilməyən ürəyin Azərbaycan adlı Vətənin xətrinə döyünməyə davam etsin. Bizim sənə olan borcluluq duyğumuz sənin dərdin boydadır. Sən şəhidlərinə olan ehtiramı görmək üçün yaşamağa davam et. Saçlarının dəninə, "Mənim oğlanlarım qəhrəmandır" deyən dilinə qurban!
Sən qələbəni dünyaya gətirən oğulları dünyaya gətirmisən! Sən bu qürurla xalqı yaşadırsan, Sevinc anam!”



Teqlər: Şəhidlərimiz  





Xəbər lenti