Regionlarda talassemiya və qan donorluğu barədə maarifləndirmə tədbirləri keçirilib

Regionlarda talassemiya və qan donorluğu barədə maarifləndirmə tədbirləri keçirilib
  29 Noyabr 2022    Oxunub:936
“Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyi “Regionlarda talassemiya və qan donorluğu barədə maarifləndirmə” layihəsinin icrasını yekunlaşdırıb.
Layihə rəhbəri Emin Nəbili AzVision.az -a bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə dövlətin bu sahədə gördüyü işlərə ictimai dəstək məqsədi daşıyırdı.

E. Nəbilinin sözlərinə görə, Azərbaycan talassemiya xəstəliyi üçün endemik ölkə hesab olunur: “Son dövrlərdə Azərbaycanda çox sayda tibb müəssiəsələri tikilib istifadəyə verilib, ən son müasir tibb avadanlıqlarla təhciz edilib. Lakin elə xəstəliklər vardır ki, onların qarşısının alınması insanların öz əlindədir. Sağlam cəmiyyətin təməlini sağlam ailələr, sağlam gənclər təşkil edir. Talassemiyanın yayılmasının qarşısının alınması üçün də əhalinin maarifləndirilməsinə ehtiyac var. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş dövlət proqramında da əhalinin, həmçinin orta və ali məktəblərdə maarifləndirmə nəzərdə tutulub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də talassemiya xəstələri qayğı ilə əhatə olunub. Mehriban Əliyevanın təşəbbüsü ilə tikilmiş Talassemiya Mərkəzində hazırda sümük iliyi translantasiyası əməliyyatı dövlət proqramı çərçivəsində ödənişsiz olaraq həyata keçirilir”.

Emin Nəbili qeyd edib ki, layihə 3 ay ərzində icra olunub: “Əvvəlcə talassemiya və qan donorluğu ilə bağlı məlumatların toplandığı “Qan ver, yaşat” adlı buklet hazırlanaraq 200 nüsxə çap edilib. Talassemiya, müalicə və müayinəsi və qan donorluğu ilə bağlı maarifləndirmə xarakterli 8 yazı hazırlanaraq mətbuatda dərc olunub. Lənkəran, İsmayıllı, Salyan və Cəlilabad rayonlarına səfər edilərək 4 maarifləndirici tədbir keçirilib. Tədbirlərdə 185 nəfər iştirak edib. Onlara “Qan ver, yaşat” adlı bukletlər paylanılıb, ekspert tərəfindən talassemiya və qan donorluğu barədə məlumatlar verilib”.

Keçirilən tədbirlərdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim- hematoloqu İradə Səməd-zadə, Mərkəzi Qan Bankının Lənkəran bölməsinin müdiri İlkin Əsədullayev, Şəki bölməsinin müdiri Vüsalə İmamova talassemiya xəstəliyinin yayılmasının qarşısının alınması və qan donorluğu barədə maarifləndirici söhbət edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.







AzVision.az



Teqlər: Leykoz  





Xəbər lenti