Qutabdan kitaba: Maraqlı sosial layihə - FOTOLAR

   Qutabdan kitaba:    Maraqlı sosial layihə -    FOTOLAR
  17 Dekabr 2022    Oxunub:1358
"Cığır" İctimai Birliyi "Qutabdan kitaba" adlı pilot layihəsi çərçivəsində hər həftəsonu Bakıdakı binaların həyətlərində sosial bazarların təşkil olunmasına başlayıb. Bu bazarlarda cəmiyyətin həssas qrup nümayəndələri - tənha analar toplanıb növbənöv qutablar bişirərək, öz övladlarının, eyni zamanda ata himayəsindən məhrum abituriyentlərin təhsilinə maddi dəstək göstərməyə çalışırlar.

Bakı sakinləri könüllü tələbələrin hazırladığı şirniyyatlardan, açıq havada keçirilən xeyriyyə kitab satışlarında ikinci əl kitablardan almaqla, könüllü rəssamlar tərəfindən keçirilən master-klasslarda övladlarının iştirakını təmin etməklə elə öz məhəllələrindəcə layihənin bir parçasına çevrilirlər.


Sosial bazar layihəsinin ideya müəllifi, "Cığır" MDİD İB-nin sədri Yeganə Mirzəyevanın sözlərinə görə, "Qutabdan Kitaba" sosial sahibkarlıq layihəsinin subliminal mesajı ondan ibarətdir ki, bir qutab bir gəncin kitaba, elmə tərəf açılan yolunun başlanğıcı ola bilər: “Sosial sahibkarlıq mənəvi dəyərdir və onun təbliği birbaşa mənəvi dəyərlərin inkişafına xidmət edir. Tənha qadınların iş yeri təmininə dəstəklə bərabər, daha önəmli olan mənəvi qazancdır. Belə ki, kollektiv şəkildə sosial dəyər qazanan və paralel olaraq sosial məsuliyyətin verdiyi mənəvi zövqü dadan qadınlar cəmiyyətə də sosial dəyər qazandırmağa müvəffəq olurlar".


"Qutabdan Kitaba" sosial sahibkarlıq layihəsi paralel olaraq, "Mülk" alış-veriş mağazası, "Amber Soap", "Maidə tekstil", "Bərəkət düşbərələri", "Rangahəng-vitraj", "Perspektiv eko çantaları" kimi digər sosial sahibkarlıq layihələrinin bazara çıxışının təminatçısı olur.


Birlik silsilə şəklində təşkil etdiyi bazarlara gələn Bakı sakinlərinə dərin minnətdarlığını bildirir.








Teqlər: Sosial-layihə  





Xəbər lenti