“Şəhid və qazi ailələrinin iqtisadi inkişafına dəstək” təqdim olundu

“Şəhid və qazi ailələrinin iqtisadi inkişafına dəstək” təqdim olundu
  22 Dekabr 2022    Oxunub:1471
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strateji tərəfdaşlığı ilə “Şəhid və qazi ailələrinin iqtisadi inkişafına dəstək” layihəsinin təqdimat mərasimi keçirilib.
Honey Cake Pastry-kulinariya mərkəzinin dəstəyilə icrasına başlanılan layihənin əsas məqsədi şəhid və qazi ailələrinin iqtisadi inkişafına dəstək olmaq və onların sahibkarlıq fəaliyyətinə cəlb olunmalarına şərait yaratmaqdır.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Milli Məclisinin deputatı və Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri xanım Hicran Hüseynova, Türkiyə Respublikasının ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç, KOBSKA-nın sədri Nigar Ələsgərova, layihə rəhbəri Həcər Əkbərova çıxış edərək layihə haqqında öz fikirlərini səsləndirdilər.

Layihə çərçivəsində 15 nəfər şəhid və qazi ailələri xanımları layihənin ötən pilot dövründə peşəkar təlimlərə cəlb olunublar. “Honey Cake Pastry” incəsənət kulinariya məktəbinin dəstəyi ilə qənnadçılıq peşəsinə sahiblənən xanımlardan artıq 9 nəfəri qənnadçı – şirniyyatçı kimi fəaliyyətə başlayıb.


Davamlılığı təmin etmək və xanımların sahibkar kimi fəaliyyətini daha təkmil formada dəstəkləmək üçün layihə çərçivəsində “Social Art” – sosial sahibkarlıq müəssisəsi təsis olunub. Növbəti mərhələdə “Social Art” – sosial sahibkarlıq müəssisəsi istehlakçıya çıxış, brendləşmə, eco sistemdə özünəməxsus yeri tutmaq üçün inkişaf edəcək.

2023-cü il ərzində layihəyə daha çox şəhid və qazi ailələrinin xanımlarının cəlb olunması planlaşdırılıb ki, onların da məşğulluq problemləri həll olunmaqla, iqtisadi inkişaflarına təkan verilsin.

Ümumilikdə təqdimat mərasimində müxtəlif özəl və dövlət qurumlarını təmsil edən 150-ə yaxın rəhbər şəxs, şəhid və qazi ailələri nümayəndələri, millət vəkilləri, ictimai və siyasi xadimlər iştirak edib.

Qeyd edək ki, “Şəhid və qazi ailələrinin iqtisadi inkişafına dəstək” layihəsinin təqdimat mərasiminin təşkilati tərəfdaşı "Tagiyev PRO" şirkətidir.

Bundan başqa təqdimat mərasimində şəhid və qazi ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasında yaxından iştirak edən bir neçə şirkət KOBSKA tərəfindən Təşəkkürnamə ilə də təltif olunub.



Teqlər:





Xəbər lenti