Futbolun "i"siz Edisonu

// Pele niyə dahi sayılır

Futbolun "i"siz Edisonu
  30 Dekabr 2022    Oxunub:3754
Tarixin ən böyük futbolçusu sayılan Pele ötən gün 82 yaşında vəfat etdi. Öz vətənində milli qəhrəmana, dünyada isə milyonların kumirinə çevrilən futbolçunun xatirəsini hər kəs böyük məhəbbətlə anır.
Hələ əfsanənin sağlığında İngiltərə millisinin və "Manchester United"in keçmiş kapitanı Bobby Charlton deyirdi: "Futbol Pele üçün icad edilib". Pele 3 qat (1958, 1962, 1970-ci illər) dünya çempionu olan yeganə futbolçudur. FIFA-nın versiyasına əsasən, XX əsrin ən yaxşı futbolçusu elan edilib.

Ancaq o qəlblərdə çevik qərarları və dəqiq zərbələri ilə deyil, həm də humanist addımları, yoxsulluqla mübarizə aparması ilə qaldı.

Ulduzun doğuluşu

Pele 1940-cı ilin 23 oktyabrında Braziliyanın Minas-Jerays ştatının elə də böyük olmayan Tres-Korasoyns şəhərində kasıb bir ailədə anadan olub. Ancaq onun sənədlərində doğum tarixi 21 oktyabr göstərilirdi. Futbolçu bu məsələyə belə yanaşırdı: "Biz Braziliyada dəqiqliyə görə özümüzü incitmirik".



Valideynləri ona amerikalı ixtiraçı, "elektrik kralı" Tomas Edisonun adını qoymuşdular, çünki Pele doğulmazdan az əvvəl onların evinə işıq çəkilmişdi. Amma "Edison"un "i"-sinin niyə ixtisara salındığı məlum deyil. Əvvəlcə ailəsi onu "Diko" adlandırırdı. Məktəb illərində Peleyə sevimli oyunçusu, yerli qapıçı Vasko da Qama Bilenin şərəfinə "Pele" ləqəbi verilib.

Öz tərcümeyi-halında qeyd edib ki, o və köhnə dostları bu adın nə demək olduğunu bilmirlər. Adın "Bile" sözündən götürüldüyü və ibrani dilində "möcüzə" mənasını verdiyi iddiasından başqa, sözün Portuqal dilində bilinən heç bir mənası yoxdur.

O, San-Paulu əyalətindəki Bauruda yoxsulluq içində böyüyüb. Çayxanalarda ofisiant işləməklə əlavə pul qazanıb . Ailəsi o qədər kasıb olub ki, hətta ona top almağa belə gücləri çatmayıb. Adətən ya qəzetlə doldurulmuş və iplə bağlanmış corabla, ya da qreypfrutla oynayırmış.


Futbol Edison üçün sevimli əyləncələrdən biri idi. Atası Dondino da keçmişdə futbolçu olduğundan oğlunun ilk müəllimi məhz özü olub və futbol haqqında bəzi sirləri də ona uşaqlığından ötürüb. Kasıb ailədə böyüyən Pele bilirdi ki, onun üçün yüksəlməyin ən etibarlı yolu yaxşı futbolçu olmaqdır. 7 yaşında Edson artıq yerli uşaq komandasında çıxış etməyə başladı və hücumda çox məhsuldar, möhtəşəm oyunu ilə seçildi.

Bir müddət komandanının məşqçisi Braziliya yığma komdasının əvvəlki oyunçusu Valdemar de Brito idi. Onun Pelenin gələcək həyatında, taleyində böyük rolu oldu. Müəllimi Pele üçün "Santos" klubunda baxış təşkil etdi. Ardından 15 yaşlı Pele məşhur kluba qəbul edildi.

Yüksəlişə doğru ...

1956-cı ildə Brito Pele haqqında "Santos" klubunun rəhbərliyinə "bu oğlan planetin ən yaxşı futbolçusu olacaq" demişdi. Beləliklə, Pele "Santos"un meneceri Luis Alonso Peresi heyran etdi və 1956-cı ilin iyununda klubla müqavilə imzaladı. 1956-cı ilin sentyabrında, yəni Pelenin hələ 16 yaşı olmayanda o, ilk dəfə rəsmi klub matçında meydana çıxdı və qol vurdu. Müqavilə imzalandıqdan 10 ay sonra o, Braziliya millisinə çağırıldı.

Rio-de-Janeyrodakı "Marakana" stadionunda Argentinaya qarşı oyun Pelenin ilk beynəlxalq matçı olur. Həmin oyun 1:2 braziliyalıların məğlubiyyətiylə nəticələnir. Yeganə qolu Pele vurmuş və futbol tarixinə milli komandaların bunu bacarmış ən gənc oyunçusu kimi düşmüşdü.

İdman rəhbərləri onu 1968-ci ildəki Dünya Çempionatına aparmaq istəməmişdilər, çünki bir az əvvəl Pele dizindən zədə almışdı. Ancaq gənc futbolçunun komanda yoldaşları onları razı sala bilmişdilər. Pelenin mundiallarda ilk oyunu isə SSRİ yığmasına qarşı olmuşdu.


Onu dünyaya tanıdan uğurları...

Uelslə 1/4 final matçında o, həlledici qola imza atıb. Fransa yığması ilə yarımfinal duelində het-trik edib, finalda isə turnirin ev sahiblərinin qapısına iki qol vurub. 17 yaşlı Pele ekspertlər, tamaşaçılar, rəqiblər tərəfindən yekdilliklə tanınıb və dünya çempionatları tarixində ən gənc çempion olub.

1962-ci ildə braziliyalıların qalib olduğu Dünya Çempionatından sonra Pele "Real Madrid", "Yuventus" və ya "Mançester Yunaytedlə" müqavilə imzalamaq istəyirdi. Lakin Braziliya hökuməti Pelenin xaricə mümkün gedişinin qarşısını almaq üçün futbolçunu “Braziliyanın milli sərvəti” elan etdi.

1962 və 1966-cı illərin dünya çempionatlarında Pele tam gücüylə oynaya bilməyib. Çünki bütün komandaların müdafiəçiləri sərt və kobud şəkildə onun qarşısını kəsməyə çalışırdılar və aldığı zədələrə görə Pele həmin çempionatlarda axıra qədər iştirak edə bilməmişdi.

1970-ci ilin final turniri isə şəxsən Pele, həmçinin komadası üçün zəfərlə bitdi. Ekspertlərin rəyinə əsasən bu çempionatda olan yığma Braziliya tarixində ən güclü yığma olmuşdu. Pele Meksikadakı qələbəsindən sonra tarixdə futbol üzrə yeganə 3 dəfə Dünya Çempionu olmuş futbolçu oldu. O, bu turnirdə 14 oyunda 12 qol vurmuşdu.

O, peşəkar karyerası ərzində 1363 matçda 1281 qol vurub. "Santos"un heyətində 1116 oyunda 1091, millidə isə 92 matçda 77 qolun müəllifi olub.


Böyük idmançı...

1999-cu ildə BOK Peleni "tarixin ən böyük idmançısı" elan edib. Braziliya millisinin heyətində son dəfə 1971-ci il iyulun 18-də Rio-de-Janeyroda Yuqoslaviya komandasına qarşı oynayıb, "Santos"un heyətindəki son matçı isə 1974-cü ildə olub.

"Santos" futbol klubu və milli yığma ilə çıxışları bitirəndən sonra Pele futbol aləmində sensasion addım ataraq, 1975-ci ildə Şimali Amerikanın peşəkar klubu olan "Kosmos"la müqavilə bağladı. Böyük idmana qayıdışı qərarını Pele maliyyə problemlərini həll etmək və həmçinin Amerikada inkişaf etmək arzusu ilə verdi.

1976-cı ildə "Kosmos" Şimali Amerika Futbol Liqasının çempionluğunu qazandı.1977-ci ilin 1 oktyabrında özünün böyük mükafat toplusuna Amerika çempionu titulunu əlavə edərək sonuncu oyununda bir taym "Kosmos" üçün, bir taym da "Santos" üçün oynayaraq futbol karyerasını bitirdi. Oyundan sonra verdiyi müsahibədə deyirdi: "Mən çox xoşbəxtəm ki, həyatımın bu böyük anında sizinləyəm. Mən inanıram ki, sevgi (bu zaman gözləri yaşararaq) həyatda ən vacib hissdir. Əgər siz də razısızsa, bu cümləni mənimlə birgə təkrarlayın".


Əfsanə insan

İdmandan ayrılandan sonra o öz ləqəbini ticarət nişanına çevirib və bir dəfə zarafatla deyib ki, dünyada həqiqətən yalnız üç böyük brend var: İsa, "Coca-Cola" və "Pele".

1990-cı illərdə Pele BMT-nin Ətraf Mühit üzrə səfiri, 1995-1998-ci illərdə isə UNESKO-nun xoşməramlı səfiri olub, Braziliyanın idman naziri vəzifəsində çalışıb, futboldakı korrupsiyayla mübarizə aparmağa cəhd edib.

1981-ci ildə Silvester Stallone və Maykl Keynlə birlikdə "Qələbəyə doğru qaçış" adlı Hollivud filmində oynayıb.

1998-ci ildə Kraliça II Elizabeth Buckingham sarayında keçirilən mərasimdə ona Britaniya İmperiyası ordeninin komandiri rütbəsini verib. Hərçənd, britaniyalı olmadığına görə Pele "ser" prefiksindən istifadə edə bilməyəcəkdi.
İdmançının 3 evliliyindən 5 övladı olub.



Pele yaddaşlarda belə qaldı...

Tanınmış idman jurnalisti, şərhçi Rövşən Binnətli: "Onu "futbol kralı" adlandırırlar. Bunun arxasında usatlıq, futbolçu istedadı dayanır. 3 dəfə dünya çempionu olan yeganə futbolçudur. Bu, ola bilsin ki, məsələnin statistik tərəfidir. Amma dünya futbolunda "Ulduz futbolçu" adı ilk ona verilib. Dünya futboluna yüksək texnika gətirən Pele oldu. Yüksək futbol mədəniyyəti yaratdı. Ona görə də belə bir insanın dünyadan köçməsi böyük bir hadisə sayılır. Amma hər əhvalatın əvvəli və sonu var. Futbol dünyasında böyük nüanslar var ki, Pelenin sayəsində qazanılıb.

Rövşən Binnətli

O, təkcə Brazilyanın deyil, dünya futbolunun sərvəti idi. Topla rəftarda, rəqib komanda ilə mübarizədə fərqlənirdi. Qəbul etdiyi qərarları, beynində düşündüklərini o qədər sürətlə icra edirdi ki, qarşı tərəf onun bu sürəti qarşısında məğlub olurdu. Pelenin gücü çevik düşünməsində və çevik icrada idi.

Yüksək insani kefiyyətə və mədəniyyətə sahib idi. Cənubi Amerikada həmişə Argentina və Brazilya futbolu arasında bir rəqbaət olub. Bununla belə DÇ 22-də Argetnina qələbə qazananda ilk təbriklərdən biri Peledən gəldi. Bu, onun insani və peşəkar yanaşmasıdır. İctimai xadim kimi sadəliyidir. O, uşaqlıqda çox maddi sıxıntılar çəkmişdi. Buna görə də həmişə ehtiyacı olan adamlara kömək edirdi".

“Səbail”in yeni baş məşqçisi Şahin Diniyev: "Neymarlar, Ronaldolar, Messilər doğulacaqlar, ancaq mən inanmıram ki, bir daha Pele kimi ulduz olsun. O həmişə futbolun əfasanəsi kimi qalacaq. Pele mənim üçün həm də insani kefiyyətləri ilə yadda qaldı. Böyük futbolçu ola bilərsən, amma insan olmaq da çox vacibdir. Baxın görün Peleyə aid internetdə hansısa insident çıxacaqmı qarşınıza? Əsla çıxmayacaq. Çünki o sadə insan idi. Qalmaqllardan uzaq olurdu, özünü aparmağı bacarırdı.

Şahin Diniyev

Peleni ulduz edən tək istedadı deyildi. Həm də öz üzərində işləyirdi. Hər bir işdə tər tökmürsənsə, hansısa uğur qazanandan sonra rahatlaşırsansa, yanaşmanı dəyişirsənsə, artıq uğur səndən qaçır. Bu adam 3 dəfə dünya çempionu olub. İllər ərzində liderlikdən düşməyib. Sönmədən futbolla sağollaşa bildi. İnsanlara yanaşması, yoxsullara köməyi ilə milyonların qəlbini qazandı. Obrazını əfsanəyə çevirə bildi.

Hazırladı: Elcan Quluzadə


AzVision.az


Teqlər:





Xəbər lenti