Qutlu Musa türbəsi: İşğala dözmüş unikal abidə - FOTOLAR
Elxanilər dövrünə aid Qutlu Musa türbəsi 1314-cü ildə ustad Şahbənzər tərəfindən Qutlu Xacə Musa oğlunun məzarı üstündə ucaldılıb və ziyarətgaha dönüb. Tikili özündə Aran və Qarabağ memarlıq məktəblərinin xüsusiyyətlərini birləşdirir. Yanında salınan kəndin adı da türbə ilə bağlıdır. Belə ki, Xaçın çayı və "türbə" sözlərinin birləşməsindən yaranan, sonralar isə deformasiyaya uğramış toponim hazırda Xaçındərbətli (Xaçın + türbəli) kimi səslənir.
1993-cü ildə kənd erməni terrorçuları tərəfindən işğal olunaraq, yerlə bir edilmiş, türbənin ətrafında salınan qədim qəbristanlıq isə minalanmışdı...
"Qutlu" və ya "Sarı Musa" türbəsinin unikallığı abidənin zahiri perimetri üzərində təsvir edilən zoomorf və həndəsi nişanların təkrarlanmaması, hər bir divarında əks olunan elementin müstəqilliyi, amma konsepsiya olaraq ümumi ahəng yaratmasındadır.
Ağdamın məşhur ağ mişar daşından tikilən "Qutlu Musa" türbəsinin zahiri elementlərinin bir qismi rənglənmiş olsa da, interyeri boyasızdır. Buna baxmayaraq, türbənin daxilindəki stalaktit tavan onun əzəmətini bir daha təkrarlamış olur.
İşğal dövründə baxımsız qalan tarixi abidə restavrasiya gününü gözləyir. Əminliklə söyləmək olar ki, Qutlu Musa türbəsi Ağdamın daha bir vizit kartına, turizm marşrutu üzərindəki mühüm dayanacağına çevrilə bilər.
Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün
Teqlər: Abidə