Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayonu ərazisindəki evlərdən birindən 100 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəxs “isti izlərlə” müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun zərərçəkmişin qohumu, Astara rayon sakini Rövşən Cəlilov olduğu müəyyən edilib. Oğurlanan qızıl-zinət əşyaları həmin şəxsin gizlətdiyi yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.
AzVision.az