Təcridxanalarla bağlı əsas problemlər açıqlanıb

   Təcridxanalarla bağlı əsas problemlər açıqlanıb
  03 Mart 2023    Oxunub:1035
Ombudsman və onun Milli Preventiv Qrupu (MPQ) tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraitinin, rəftar məsələlərinin, sənədləşmənin, habelə daxil olmuş müraciətlərin araşdırılması məqsədilə il ərzində 201 başçəkmə həyata keçirilib.
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb. Sənəddə bildirilib ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeli müəssisələrinə 82, Daxili İşlər Nazirliyinin müəssisələrinə 36, Elm və Təhsil Nazirliyinin müəssisələrinə 42, Səhiyyə Nazirliyinin müəssisələrinə 12, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəssisələrinə 6, Dövlət Miqrasiya Xidmətinin müəssisələrinə 1, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Müvəqqəti Saxlama Yerinə 1, yerli icra hakimiyyətlərinin tabeli müəssisələrinə 18, həmçinin müvafiq qeyri-hökumət təşkilatlarının tabeliyindəki müəssisələrə 3 başçəkmə həyata keçirilib.

Başçəkmələr zamanı 2.025 şəxslə konfidensial görüş keçirilib. Onlardan 36-sı Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Ombudsmana görüş xahişi ilə bağlı ünvanlanan məktubda adları qeyd edilən şəxslər olub. Həmin şəxslərin hüquqlarının təmini vəziyyəti öyrənilmiş, müraciətləri dinlənilmiş, bir çox məsələlər yerində həll edilmiş, digər hallarla bağlı aidiyyəti dövlət qurumlarına müraciətlər edilib.

Yaşayış sahəsi, qida və gigiyena saxlanılan şəxslərin ləyaqət hissinə və rifah halına təsir edən amillərdəndir. Başçəkmələr zamanı məhkumların saxlanma şəraitinin monitorinqinə də xüsusi diqqət göstərilib.

Bildirilib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeli müəssisələrində sıxlıq problemi əsas etibarilə istintaq təcridxanalarında rast gəlinir. Belə ki, 2500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında bir başçəkmə zamanı 3300-dən, digər baçəkmə zamanı isə 3500-dən çox şəxsin, eyni zamanda 700 nəfər üçün nəzərdə tutulmuş 2 saylı İstintaq Təcridxanasında (Gəncə) 800 nəfərin, 1050 nəfər üçün nəzərdə tutulmuş 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan) 1400-dən çox şəxsin saxlanıldığı müəyyən edilib. Qadın məhkumlar üçün nəzərdə tutulan 4 saylı cəzaçəkmə müəssisəsində də sıxlıq mövcud olmuş, lakin 2022-ci ilin əvvəllərində müəssisənin yeni və müasir binaya köçürülməsi ilə bu problem aradan qalxıb. 17 saylı cəzaçəkmə müəssisəsində də müəyyən olunmuş həddən artıq sayda məhkumun saxlanıldığı müşahidə edilib. 11 saylı cəzaçəkmə müəssisəsində isə 5 nəfər üçün nəzərdə tutulmuş cərimə otaqlarında 6-7 nəfərin saxlanıldığı aşkar edilib.

Qeyd olunanlar nəzərə alınaraq, penitensiar müəssisələrdə şəxslərin yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara riayət edilməlidir. Ombudsman başçəkmələr zamanı məhkumluğu olan şəxslərlə tutulmuş şəxslərin, inzibati həbs olunan şəxslərlə təqsirləndirilən şəxslərin birlikdə saxlanıldığını açıqlayıb.

Sənəddə bildirilib ki, monitorinqlər zamanı penitensiar xidmətin tabeliyindəki bir sıra müəssisələrin əsaslı və ya cari təmirə ehtiyacının olduğu müşahidə edilib. 2 və 3 saylı istintaq təcridxanalarının, penitensiar xidmətin həbsxanasının istismar müddətini başa vurmuş binalardan yeni binalara köçürülməsinin sürətləndirilməsi zəruridir. Başçəkmələr zamanı saxlanma şəraitinin digər aspektləri – işıqlandırma, havalandırma, sanitariya şəraiti, masa və oturacaqlar, habelə fərdi çarpayı və yataq ləvazimatları ilə təchizat məsələləri, habelə əvvəlki başçəkmələr zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində verilmiş təklif və tövsiyələrin icrası vəziyyəti araşdırılmış, bəzi müəssisələrdə müsbət dəyişikliklərin olduğu müşahidə olunub.

Müəyyən edilmiş nöqsanlar kimi, 1 və 11 saylı cəzaçəkmə müəssisələrinin cərimə təcridxanalarındakı bəzi kameralarda oturacaq sayının saxlanılan məhkumların sayına uyğun olmadığı, bir neçə otaqda isə rütubət səbəbindən divarlarda qabarmaların yarandığı müşahidə edilmiş, müəssisələrin rəhbərliyinə müvafiq tövsiyələr verilib. 1 və 17 saylı cəzaçəkmə müəssisələrində cərimə təcridxanalarının təmirə ehtiyacının olduğu, 17 saylı cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasındakı 3-4 nəfərlik yerdə 2 nəfərin istifadə edə biləcəyi masa və oturacağın təşkil edildiyi, bəzi otaqlarda su kranının işləmədiyi, hüquq və vəzifələrin əks olunduğu lövhələrin olmadığı aşkar edilib.

O da qeyd olunub ki, son illər cərimə təcridxanasına keçirilmə hallarında azalma müşahidə olunsa da, bəzi müəssisələrdə hələ də bu tənbeh növünün seçilməsinə üstünlük verilir. Başçəkmə günü 935 məhkumun saxlanıldığı 1 saylı cəzaçəkmə müəssisəsində 14, 1077 nəfərin saxlanıldığı 11 saylı cəzaçəkmə müəssisəsində 37, 1088 nəfərin saxlanıldığı 17 saylı cəzaçəkmə müəssisəsində isə 34 nəfərin cərimə təcridxanasında olması daxili intizam qaydalarını pozan şəxslər barəsində tətbiq edilən tənbeh tədbirləri sırasında cərimə təcridxanasında yerləşdirmənin üstünlük təşkil etdiyini göstərir ki, bu da həmin müəssisələrdə islah işlərinin effektivliyinin qənaətbəxş səviyyədə olmamasından xəbər verir.

Monitorinqlər zamanı məhkum barəsində qərar qəbul edilmədən cərimə təcridxanasına keçirilmə, bu barədə qərarların məhkumlara elan edilməməsi, məhkumların təhlükəsizliyi səbəbindən 6-7 ay cərimə təcridxanasında saxlanılmaları, qəbul edilən tənbeh tədbirinin uzun müddətli olması hallarına da rast gəlinib.

Beynəlxalq təcrübəyə əsaslanaraq və qanunvericiliyin verdiyi imkanlardan istifadə edərək, rejim pozuntularına görə cərimə təcridxanasına keçirilmə əvəzinə inzibati tənbeh kimi xəbərdarlıq və ya töhmətin tətbiq edilməsi məqsədəmüvafiqdir. Rejim pozuntusu hallarının azaldılması məqsədilə cinayət törətmiş şəxslərin islah olunması və cəmiyyətə yenidən inteqrasiyasına xidmət edən kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var. İslah işini gücləndirməklə vaxtından əvvəl şərti azad olunma və ya daha yüngül rejimli müəssisəyə keçirməklə qarşıya qoyulmuş məqsədlərə nail olmaq mümkündür.

AzVision.az



Teqlər:





Xəbər lenti