Ulu Öndərin 100 illiyinə həsr edilmiş ultramarafon yekunlaşıb

Ulu Öndərin 100 illiyinə həsr edilmiş ultramarafon yekunlaşıb
  06 May 2023    Oxunub:1262
Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Ağstafa-Bakı marşrutu üzrə ultramarafona yekun vurulub.
AzVision.az xəbər verir ki, Ağstafa rayonu Vurğun qəsəbə sakini Ağa Əliyev yürüşə mayın 1-də Ağstafa rayonunda Heydər Əliyevin abidəsi önündən başlayıb.

İlk gündə Gəncəyədək 96 kilometrlik məsafə qət edilib. Azərbaycanda, eləcə də ölkədən kənarda təşkil olunan bir sıra yürüşlərdə iştirak etmiş A.Əliyev ardınca 70 kilometrlik məsafəni keçərək Gəncədən Yevlaxa gəlib. Növbəti dayanma məntəqələri Kürdəmir və Hacıqabul rayonları olub. Son mərhələyə Hacıqabuldan start verən yarış iştirakçısı 118 kilometrlik məsafəni qət edərək finiş nöqtəsinə çatıb.

İdmançı Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etməklə 465 kilometrlik ultramarafonu uğurla başa vurub. Finiş nöqtəsində onu Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, idman ictimaiyyətinin nümayəndələri və Lökbatan sakinləri qarşılayıblar. Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Ağa Əliyevi bu nailiyyətinə görə təbrik edib və ona diplom, hədiyyələr, pul mükafatı təqdim edib.

Qeyd edək ki, A.Əliyev Azərbaycanda 5 gün ərzində ən uzaq məsafəni qət etməklə rekord müəyyənləşdirib.



AzVision.az


Teqlər:





Xəbər lenti