Qısa və sərfəli yol – Müsahibə (Video)

// Azərbaycandan daşınan yüklərin hər tonunda 2500 dollara qənaət olunacaq

   Qısa və sərfəli yol –    Müsahibə (Video)
  14 İyul 2023    Oxunub:13973
Qərbin Rusiya və İrana qarşı tətbiq etdiyi sanksiyalar qlobal nəqliyyat-logistika sistemində ciddi transformasiyalara, yeni dəhlizlərinin yaranmasına səbəb olub. Bu proseslərdə Azərbaycanın da iştirakı ilə həyata keçirilən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin potensialı və əhəmiyyəti xüsusi maraq doğurur.
“Şimal-Cənub dəhlizi Hindistan, İran və Rusiya arasındakı ticarətin alternativ istiqamətidir. Hazırda bu ölkələr öz aralarında ticarət aparırlar. Lakin bu ticarət uzun və bahalı proses kimi böyük logistika xərcləri hesabına başa gəlir. Şimal-Cənub nəqliyyat dəhlizinin tam şəkildə işə düşməsi həmin ölkələrin bu prosesdən daha çox faydalanmasına imkan verəcək”.

Bu sözləri AzVision.az-a müsahibəsində iqtisadçı-ekspert Xalid Kərimli deyib. O bildirib ki, Qərbin ciddi sanksiyaları ilə üzləşmiş Rusiya və İrana riskli NATO bölgəsindən kənar keçən alternativ nəqliyyat dəhlizi olduqca vacibdir. Çünki yükdaşımalar artdıqca hansısa nəqliyyat dəhlizi təkbaşına bunu ötürə bilməyəcək.


- İranın dəmir yol xətləri ilə MDB-nin xətlərinin eni fərqlidir. Sovet dövründən miras qalan dəmir yol xətləri daha enlidir, beynəlxalq standartlarda relsləri arasındakı məsafə kiçik olur. Bu isə yükdaşımalarda zaman itkisinə gətirib çıxarır, terminalların üzərinə böyük ağırlıq düşür. Beləliklə, alternativsiz dəhlizlər ciddi şəkildə yüklənəcək. Ona görə də həmin ölkələr həm Transxəzər, həm də Şimal-Cənub dəhlizinin müxtəlif alternativ yolları üzərində işləyirlər.
Bu prosesdə iştirak edən bütün ölkələr dəhlizin işə düşməsindən fayda götürəcəklər. Azərbaycandan keçən Qərb xətti ilə yanaşı, İran, Hindistan və Qazaxıstanı Rusiya ilə birləşdirəcək Şərq xətti də mövcuddur. Digər istiqamət isə birbaşa Bəndər Abbas-Ənzəli-Həştərxan marşrutu ilə Rusiyaya gedən dəniz yoludur.


- Şərq xəttinin potensialı haqqında nə deyə bilərsiniz? Burada hansı ölkələrin hansı maraqları var?
- Şimal-Cənub dəhlizinin Şərq seqmenti Azərbaycandan kənar keçir. Burada iştirakçı ölkələr Hindistan, İran, Qazaxıstan və Rusiyadır. Təbii ki, Qazaxıstanın maraqları mövcuddur. Qazaxıstan isə Türk Dövlətləri Təşkilatının üzvü kimi Azərbaycana yaxın, dost dövlətdir.
Ancaq Şimal-Cənub dəhlizinin Azərbaycanın iştirak etdiyi Qərb seqmenti daha qısa və əlverişli marşrut hesab olunur. Təbii ki, nəqliyyat dəhlizinin iştirakçıları maksimum şaxələndirmədə maraqlıdırlar. Çünki həm Rusiya, həm İran, həm də Hindistan iqtisadi baxımdan ciddi böyümə potensialı olan ölkələrdirlər.
Azərbaycandan daşınan yüklərin həcmi açıqlandı

- Bəs Transxəzər qolunda vəziyyət necədir?
- Azərbaycan Xəzər dənizində yükdaşımalara ciddi fikir verir. Ələt limanına investisiya qoyuluşu buna əyani sübutdur. Ümumiyyətlə, Ələt limanı həm də Şərq-Qərb dəhlizinin əhəmiyyətli elementlərindən biridir. Onun ötürmə gücünün 15 milyon tondan 25 milyon tonadək artırılması üçün əlavə işlər görülür. Çünki ilkin olaraq nəzərdə tutduğumuz illik 15 milyon ton yük daşınması artıq tələbatlara cavab vermir və bunun həcmini artırmaq lazımdır. Limanın ehtiyaclara görə genişləndirilməsinin zəruriliyi ortaya çıxır.


Biz Xəzərin ticarət dənizinə, sülh dənizinə çevrilməsinin tərəfdarıyıq. Azərbaycanın donanması və kifayət qədər ticarət gəmiləri var, onların sayının artırılmasına xüsusi investisiyalar qoyulur. Vaxtilə yaradılmış Bakı gəmiqayırma zavodu tam gücü ilə fəaliyyət göstərir və Azərbaycanın ticarət donanmasına töhfələr verir. Biz həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşdırılması prosesində Azərbaycanın da iştirak etməsini istəyirik. Təbii ki, Şərq-Qərb dəhlizində bizim dəniz yollarımız birbaşa element kimi iştirak edəcəklər. Şimal-Cənub dəhlizində isə Transxəzər dəniz yolu vasitəsi ilə İrandan Rusiyaya gedən yüklər Azərbaycan gəmilərilə daşına bilər.


- Bunun bizə faydası nə olacaq?
- Azərbaycan bu biznes proseslərində rol almaqdan qazancını götürəcək. Ölkəmiz bütün nəqliyyat dəhlizlərinin, ticarət və yük axınlarının öz ərazisindən keçməsini təmin etməklə həm iqtisadi aktivliyə nail olacaq, həm tranzit gəlirlərini artıracaq. Eyni zamanda, bizim sahibkarların da bu yük axınlarında daha optimal alışlar etməsinə, öz xərclərini aşağı salmasına, ticarət imkanlarını artırmasına, alış-satış prosesində daha faydalı üstünlüyə malik olmasına imkan yaranacaq. Yəni bunun iqtisadiyyat üçün qazancları təkcə ölkənin strateji əhəmiyyətinin artması yox, həm də tranzit-maliyyə gəlirlərinin çoxalması, iqtisadi aktivliyin artması və bunun fonunda da məşğulluq səviyyəsinin yüksəlməsidir. Bunu yalnız Şimal-Cənub deyil, həm də Şərq-Qərb dəhlizi ilə bağlı məsələlərə aid etmək olar.

- Bəs Şimal-Cənub dəhlizinin Qərb istiqaməti hansı baxımdan və hansı ölkələr üçün daha əhəmiyyətlidir?
- Təbii ki, bizim marağımız Şimal-Cənub dəhlizinin Qərb seqmenti olan Hindistan-Bəndər Abbas (İran)-Bakı-Rusiya istiqamətinin daha aktiv fəaliyyət göstərməsindən ibarətdir. Çünki bu nəqliyyat dəhlizinin işə düşməsinin çoxlu faydaları var. Biz Azərbaycandan keçən marşrutun işə düşməsində daha çox maraqlıyıq. Bu istiqamətdə quru əlaqələri artıq mövcuddur. Hindistandan - Şərqdən çıxmaqla Bəndər Abbas limanından ağır tonnajlı maşınlarla yüklərin Astaradan keçməklə Azərbaycan üzərindən Rusiyaya daşındığını bilirik. Lakin dəhlizin daha bir əhəmiyyətli elementi olan dəmir yolu daşınması da vacibdir.


Hindistan, İran və Rusiyanın ticarət apardığı indiki marşrutlar Aralıq dənizindən keçməklə uzun bir dəniz yolu vasitəsilə baş tutur. Quru daşımaları isə daha kiçik həcmdə reallaşdırılır. Şimal-Cənub dəhlizi çərçivəsində nəzərdə tutulan dəmir yolu xətlərinin çəkilməsi və tam güclə işə salınması daşıyıcıların və istifadəçilərin hamısı üçün xeyirli olacaq. Hesablamalara əsasən, yüklərin hər karqo tonunda 2500 dollarlıq qənaət olunacaq ki, bu da çox əhəmiyyətli bir rəqəmdir. Həm də yüklər zaman baxımından çıxış nöqtəsindən tələbat nöqtəsinə qısa müddətə çatacaq.

Yeri gəlmişkən, Qəzvin-Rəşt-Astara dəmir yolunun Qəzvin-Rəşt hissəsi artıq istismara verilib, Rəşt-Astara hissəsinin inşası üzərində iş gedir. Dəmiryol xətlərinin inşası tam şəkildə bitəndən sonra Azərbaycan üzərindən keçən yük axınları bu nəqliyyat dəhlizinin ötürmə gücünü daha da artıracaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Logistika   Dəhliz   Şimal-Cənub  





Xəbər lenti