“Su stressi” nədir və ondan qurtula biləcəyikmi – Videokast

   “Su stressi” nədir və ondan qurtula biləcəyikmi –    Videokast
  04 Sentyabr 2023    Oxunub:14788
Bir çox ekspertlər bəşəriyyəin üzləşdiyi içməli su probleminin gələcəkdə qlobal müharibəyə səbəb olacağını deyirlər. Belə təhlükəli ssenarinin qarşısını almaq üçün mütəxəssislər şirin suya qənaət yönündə müxtəlif metodların tətbiqini təkilf edirlər. Xəzər universitetinin “Coğrafiya və Ətraf mühit” kafedrasının müdiri, coğrafiya elmləri üzrə fəlsəfə doktoru Rövşən Abbasov AzVision.az-a müsahibəsində içməli su probleminin yaranmasımda iqlim faktoru ilə antrropogen amillərin üst-üstə düşdüyünü bildirib. İçməli su məsələləri üzrə mütəxəssis vəziyyətdən çıxış yolunun ilk növbədə daha səmərəli su idarəçiliyinin tətbiqində görür.

- Su probleminin kəskinliyi haqqında deyilənlər nə dərəcədə reallığa əsaslanır? Ola bilərmi ki, bu da bir növ spekulyasiyadır?
- Bu tamamilə reallığa əsaslanan məsələdir. Çünki dünya əhalisi sürətlə artır və bu artımın fonunda biz yalnız içməli sudan yox, həm də suvarma suyundan danışırıq. Dünyada isehsal olunan ərzağın 80%-dən çoxu suvarma hesabına başa gəlir. Bu o deməkdir ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün daha çox suya ehtiyac yaranır və bizim şirin su mənbələrindən götürdüyümüz suyun həcmi getdikcə artır. Bu da, əlbəttə ki, resurs çatışmazlığına və konfliktlərin yaranmasına səbəb olur. Dünya əhalisinin artımının 2050-ci ilə qədər davam edəcəyi gözlənilir. Bu isə şirin su ehtiyatlarının getdikcə azalacağı deməkdi. “Azalma” deyəndə mən adambaşına düşən su ehtiyatlarını nəzərdə tuturam. Bu azalma yeni-yeni konfliktlərin meydana çıxmasına səbəb olacaq.
Dünyanın böyük çayları heç də bir dövlətin ərazisindən keçmir, müxtəlif ölkələrin ərazisindən axırlar. Məsələn, Azərbaycanın timsalında götürsək, bizim ən böyük çaylarımız məhz qonşu dövlətlərin ərazisində formalaşır. Biz həmin dövlətlərin ərazisindəki su idarəetməsinin yarıtmazlığının əziyyətini çəkirik. Bu dövlətlərin ərazilərindəki kütləvi su itkiləri, hesabsız su götürmələri Azərbaycana gələn transsərhəd axınlarını get-gedə azaldır.
Bunu təkcə Azərbaycanın yox, başqa ölkələrin də misalında göstərmək olar. Məsələn, Efiopiya və Misir, Özbəkistan və Tacikistan, Suriya və Türkiyə... Bu cür misalları çox çəkmək olar. Bu da beynəlxalq səviyyədə mühüm əməkdaşlığın olmasını tələb edir.

- İçməli su problemi daha çox təbiətin fəsadlarının nəticəsidir, yoxsa insan fəaliyyətinin?
- Hər ikisinin. İnsanların artımı yeni modern texnologiyaların cəlb olunmasını tələb edir. Su idarəçiliyi isə ən çətin idarəçiliklərdən biridir. Su idarəçiliyi su ehtiyatlarının paylanmasını, vaxtlı-vaxtında mənbədən istehlakçıya çatdırılmasını nəzərdə tutur. Bu sahədəki boşluqlar çox tez üzə çıxır. İnsan artımının fonunda onun əhəmiyyəti getdikcə çoxalır.
Bununla yanaşı, iqlim dəyişiklikləri nəticəsində də Yer kürəsinin içməli su ehtiyatları getdikcə azalır. Okeanın səviyyəsinin qalxması ilə bərabər, həm də dünyanın sahil regionlarına düşən yağıntıların miqdarı artır. Amma bu, artıq içməli su yox, təhlükə suyu hesab olunur. Yəni bugünə qədər içməli sayılan su sahil əraziləri üçün böyük təhlükələr yaradır: subasmalar, daşqınlar, təbii fəlakətlər... Bu da, parallel şəkildə, materikdaxili ölkələrdə su çatışmazlığı ilə müşaiyət olunur. Yeri gəlmişkən, Azərbaycan da materikdaxili ölkədir. Okean sahilindən uzaqda yerləşən ölkələrin su ehtiyatları həm də iqlim dəyişikliklərinin təsiri nəticəsində azalır. Məsələn, Azərbaycanın su ehtiyatlarının 2040-cı ilə qədər 15-20% azalacağı gözlənilir.
Bütün bu proseslər dünya ölkələrində su stressini getdikcə artmaqdadır. “Su stressi” deyəndə nəyi nəzərdə tuturuq? Bir ölkə daxilində olan mənbələrin su verimi və suya olan tələbatın nisbəti. Əgər suya olan tələbat su mənbələrinin verimini üstələyirsə, deməli, ölkə su stressi yaşayır. Su stressi yaşayan ölkələrin sırasında ilk növbədə İsrail, Küveyt, Livan və Səudiyyə Ərəbistanı gəlir. Azərbaycanda aparılmış tədqiqatlar su stressinin getdikcə artacağını və 2040-cı ildə həmin ölkələrin sırasına daxil olacağımızı göstərir.

Mövzu ilə bağlı digər yazılar:
Su – tükənən resursdur! | Daşkənddən baxış
“Qurumuş” rəqəmlər: Su ehtiyatlarımızın nə qədər olduğunu bilmirik – Müsahibə (Video)

- Türkiyənin və Cənubi Qafqaz ölkələrinin su potensialını qarşıdan gələn böhranlar kontekstində necə qiymətləndirərdiniz?
- Əhali artımı bütün ölkələrdə baş verir. Ölkələr müxtəlif vasitələrlə ərzaq təhlükəsizliklərini təmin etməyə çalışırlar. Mən məsələnin siyasi tərəfinə toxunmaq istəmirəm, amma görürük ki, Ukrayna ilə Rusiya arasında gedən konflikt digər ölkələrin ərzaq təhlükəsizliyinə təsir edir. Buna görə də, ərzaq təminatı baxımından ölkələr özlərinin müstəqilliklərini təmin etmək istəyirlər. Bu cəhdlər suya tələbatı kəskin şəkildə artırır.
Türkiyə məhz buna görə, öz ərazisində çoxlu bəndlər, anbarlar tikir. Mümkün qədər çalışır ki, ərzisindən axan çayların suları xarici ölkələrə geməsin və onun özündə qalsın. Eyni sözü Ermənistan və Gürcüstana da aid etmək olar. Məsələn, Gürcüstanda təkcə Kür çayı üzərində əlavə olaraq beş bəndin, Ermənistanda isə yaxın 10 ildə kiçik çayların üzərində 120-yə yaxın bəndin tikiləcəyi gözlənilir. Bütün bunlar Azərbaycanın su və ərzaq təhlükəsizliyinə ciddi təsir edə bilər. Biz həm beynəlxalq konvensiyalar çərçivəsində, həm də birbaşa danışıqlarla məsələnin həllinə çalışmalıyıq. Qardaş Türkiyə ilə bu danışıqlar daha asan ola bilər, nəinki Ermənistan və Gürcüstanla. Amma bu danşıqlar mütləq aparılmalıdır ki, Kür çayı hövzəsində su daha ədalətli bölünsün. Çünki transsərhəd çaylarının idarə olunması üzrə beynəlxalq konvensiya var. Bu sənəd transsərhəd çaylarının ekoloji sistemi, onların axınının qorunması və suyunun ölkələr arasında bərabər şəkildə bölünməsi kimi məsələləri nəzərdə tutur.
Azərbaycanın başqa bir problemi də Samur çayıdır. Hazırda Bakı da daxil olmaqla, Abşeron yarımadasının tələbatının böyük hissəsini Samur çayının hesabına ödəyirik. Amma get-gedə burada da imkanlar azalır. Həm Samur hövzəsində buzlaqlar əriyib, çayın suyu təbii şəkildə azalıb, həm də suya olan tələbat artıb. Buna görə də, mövcud müqavilələr çərçivəsində gələcəkdə Azərbaycana Samur çayından daha az suyun gəlməsi gözlənilir. Biz nə etməliyik? Çox çevik və müasir su idarəçiliyi sisteminə sahib olmalıyıq.

- İçməli su probleminin həlli üçün daha hansı variantlar var?
- Müasir su idarəçiliyində hazırda çoxlu imkanlar araşdırılmaqdadır. Bu araşdırmalar müxtəlif sahələri əhatə edir. Onlardan biri dəniz suyunun şirinləşdirilməsidir. Artıq İsrail, Livan, Suriya, Səudiyyə Ərəbistanı və Küveytdə tələbatın böyük bir hissəsi şirinləşdirilmiş dəniz suyunun hesabına ödənilir. Qətəri də xüsusi qeyd etmək istəyirəm. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, onlar kifayət qədər imkanlı ölkələrdirlər. Bu məsələdə Azərbaycanın bəxti bir qədər daha yaxşı gətirib. Çünki Xəzər dənizinin duzluluğu okean suyuna nisbətən azdır. Bu isə o deməkdir ki, bizdə həyata keçiriləcək layihələr daha az məsrfəli olacaq. Şəxsən mən gələcəkdə Abşeron yarımadasının şirinləşdirilmiş dəniz suyu ilə təmin olunmasına böyük ümidlə baxıram. Azərbaycanda bu istiqamətdə artıq yaxşı addımlar atılır və bu bizim su, eyni zamanda, ərzaq təhlükəsizliyimizə müsbət təsirini göstərəcək.
Digər çoxlu yollar da var. Məsələn, suvarma suyuna tələbatın azaldılması üçün müasir texnologiyaları işlədilir: damcı, yeraltı və çiləmə suvarmaları. Qiymətləndirmələr göstərir ki, bu suvarma metodları tətbiq olunan zaman su itkiləri əhəmiyyətli dərəcədə, bəzən 80%-ə qədər azalır. Beləliklə, daha az su işlətməklə daha çox ərzaq iztehsal etmək mümkün olur.
Bu yaxınlarda bir meksikalı aqronom-professorla görüşdə o, çox maraqlı sual verdi: “Nə əcəb, sizdə ərzaq üçün kaktus sahələri artırılmır?” O, Meksikada ərzaq tələbatının böyük hissəsinin kaktusun hesabına ödənildiyini və bu bitkinin suya tələbatının az olduğunu vurğuladı. Mən kaktusun Azərbaycan üçün ənənəvi olmadığını bildirəndə həmin professor pomidorun da, kartofun da vaxtilə Meksikadan gətirildiyini və o zaman bunların da bizim üçün ənənəvi olmadığını xatırlatdı.
Mən bununla demək istəyirəm ki, biz gələcəkdə elə kənd təsərrüfatı bitkilərinin, elə yeni növlərin və sortların becərilməsinə başlamalıyıq ki, onların suya tələbatı az olsun. Bu istiqamətdə həm aparıcı institutlar, həm beynəlxalq təşkilatlar və dövlətlər çox əhəmiyyətli addımlar atırlar.
Başqa bir təhlükə su itkiləridir. Hesablamalar göstərir ki, Azərbaycan da daxil olmaqla, əksər ölkələrdə sahəyə verilən suyun 50%-i boşuna itir. Bunun qarşısını almaq üçün həm torpaq kanalları boru üsuluna keçirilməli, həm də, bayaq dediyim kimi, daha müasir suvarma texnologiyalarından istifadə edilməlidir ki, hər bir damcının qiymətini bilən su idarəçiliyi tətbiq olunsun.
Aysberqlər də böyük ümid verir, çünki onların böyük su ehtiyatları var. Onların sahil ölkələrinə daşınması bir təcrübə kimi sınaqdan keçirilməkdədir. Burada mövcud olan imkanlara da müəyyən ümidlə baxmaq olar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:





Xəbər lenti