Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı layihənin icrasına başlanır
44 günlük Vətən Müharibəsindən sonrakı diplomatik təmaslar zamanı bu məsələ hər dəfə qaldırılsa da, Ermənistan tərəfinin onu ört-basdır etməyə və əməkdaşlıqdan yayınmağa çalışması səbəbindən hələlik nəticəsiz qalıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2020-ci il dekabrın 1-nə olan məlumata görə, qeydiyyatdan keçən itkin düşmüşlərin sayı 3890 nəfərdir.
Beləliklə, ən son rəsmi məlumat üzrə Azərbaycanın təxminən 4 min vətəndaşının hərbi təcavüz nəticəsində itkin düşməsi, onların taleyi ilə bağlı təcavüzkar tərəfdən bu vaxta qədər heç bir açıqlama, izahat xarakterli bilgilər verilməməsi, Azərbaycanın isə danışıqlar prosesinin bütün mərhələlərində problemi gündəmdə saxlaması məsələnin aktuallığını və ona ictimai diqqətin artırılmasının zəruriliyini göstərir.
Bu insanların itkin düşdüyü konkret şərait, döyüşlər barədə aydınlaşdırıcı materiallara və ya sonrakı talelərinə azacıq da olsa işıq sala biləcək məlumatlara ehtiyac var.
Layihədə həmin insanların, konkret haldan çıxış edərək, fərdi, yaxud toplu halda itkin düşdükləri şəraitin şahidlərin dilindən, habelə rəsmi mənbələrin bilgiləri əsasında detallı təsvir olunduğu jurnalist araşdırmalarının hazırlanması və bir neçə dilə tərcümə olunaraq, yayılması nəzərdə tutulur.
Layihənin məqsədi itkin düşmüş vətəndaşlarımız barəsində yeni və mümkün qədər dəqiq məlumatlar əldə etməyə çalışmaq, bu məlumatları vahid bazada birləşdirməkdir.
“Hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqları üzrə diplomatik təmaslar sıxlaşıb. Bu baxımdan, itkin düşmüş şəxslər mövzusu da bu mərhələdə gündəmdə önə çıxan məsələlərdən olacaq. Başqa tərəfdən, 4 minə yaxın insanın taleyinin araşdırılması kifayət qədər böyük vaxt tələb edir. Odur ki, layihənin davamlı olacağı gözlənilir” – deyə, məlumatda bildirilir.
Teqlər: QHT