Gənc musiqiçilərimiz: Ülvi Hüseynzadə

      Gənc musiqiçilərimiz:    Ülvi Hüseynzadə
  09 Mart 2024    Oxunub:1026
AZƏRTAC Azərbaycanın beynəlxalq müsabiqələr laureatları olmuş istedadlı gənc musiqiçiləri barədə məqalələr silsiləsini davam etdirir.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, növbəti həmsöhbət Rəşid Behbudov adına 2 nömrəli 11 illik musiqi məktəbinin tar ixtisası üzrə 11-ci sinif şagirdi, beynəlxalq və respublika müsabiqələrinin laureatı və iştirakçısı Ülvi Hüseynzadədir.

Ülvi Rəşid Behbudov adına musiqi məktəbində birinci sinifdən təhsil alır. Valideynləri: Azərbaycanın Əməkdar artisti, aktyor Şövqi Hüseynov və aktrisa Şəbnəm Hüseynovanın sözlərinə görə, janrından asılı olmayaraq, Ülvinin musiqiyə həmişə xüsusi münasibəti olub.

Tar ifaçısı deyir ki, musiqini seçməkdə daha çox ailəsindən və valideynlərinin ustadı, böyük sənətkar, Azərbaycanın Xalq artisti Cənnət xanım Səlimovadan dəstək alıb.

Ülvi xatırlayır:

"Cənnət xanım mənə tar bağışlayıb. O vaxt yeddi yaşım vardı. Sonra onun təklifi və məsləhəti ilə musiqi məktəbinə gəlmişəm".

Gənc oğlan bu illər ərzində istər onlayn, istərsə də canlı müsabiqələrdə iştirak edib. Xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsində fəxri fərmanla təltif olunub, həmçinin ötən il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş IV Respublika müsabiqəsində II yeri tutub.

Ülvi hesab edir ki, "müsabiqələr, təbii ki, lazımdır və bu, çox vacib məsələdir. Bu gün gənc və istedadlı musiqiçiləri tanıtmaq, üzə çıxarmaq üçün bu, əlimizdəki ən vacib vasitələrdən biridir. Öz potensialını kəşf edirsən, eyni zamanda, biliyini artırırsan və bacarığını təkmilləşdirirsən. Müsabiqədə münsiflər heyətində əyləşən özünü təsdiq etmiş sənətkarların qarşısında özünü sınayırsan, onlarla ünsiyyət qurmaq imkanın yaranır, sağlam rəqabət aparılır".

Gənc musiqiçi qeyd edir ki, müsabiqələr ərəfəsində müxtəlif məktəblərdə oxuyan bir çox ifaçı ilə tanış olub. Tarzənin sözlərinə görə, digər ifaçılarla, musiqiçilərlə yaradıcı münasibətin mövcud olması çox xoşdur.

Ülvinin dediyinə görə, adətən çıxışdan əvvəl həyəcan keçirmir:

"Əvvəllər, təbii ki, hələ erkən dövrdə həyəcan daha çox böyük məsuliyyətdən irəli gəlirdi. İndi, təbii ki, həyəcan yoxdur, çünki artıq səhnəyə daha əmin çıxırsan, nə edəcəyini dəqiq bilirsən və sənin üçün prioritet özünü göstərmək, bacarığını, düşüncələrini təqdim etməkdir. Ona görə də həyəcan sonuncu planda qalır".

İstedadlı tar ifaçısı təhsilini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bəstəkarlıq ixtisası üzrə davam etdirməyi düşünür:

"Özümü bəstəkar kimi görürəm, - Ülvi bölüşür. - Təbii ki, bu hələ xəyaldır. Arzum Azərbaycan peşəkar musiqisinin tarixində əhəmiyyətli inqilaba səbəb olmaqdır. Buna artıq xeyli ildir, müstəqillik əldə etdiyimiz dövrdən ehtiyacımız var. Bunun sayəsində bəstələnən yeni əsərlər Üzeyir bəyin təməlini qoyduğu peşəkar musiqi mədəniyyətimizə töhfə olmalı və təbii ki, keyfiyyətli nümunələri dünyaya göstərməli, Vətənimizi layiqincə təmsil etməlidir".

Tarzən bəstəkarlıq istiqamətini inkişaf etdirmək məqsədilə hazırda daha çox dünya bəstəkarlarının və təbii ki, Azərbaycan bəstəkarlarının əsərlərini dinlədiyini qeyd edir.

"Əgər bəstəkar olmaq istəyirsənsə, peşəkar təhsil alırsansa, kompleks şəklində və yüksək səviyyədə məlumatlı olmalısan".

Musiqi məktəbində ixtisas müəllimi Zəfər Əhmədli haqqında danışan Ülvi xüsusi olaraq vurğulayır ki, pedaqoqu onun savadlı ifaçı kimi yetişməsinə böyük töhfə verib.

"Zəfər müəllim ilə, artıq iki ildir, tədris prosesimizi davam etdiririk. Müəllimim olduğu dövrdən əvvəl qərara gəlmişdim ki, karyeramı tar ifaçısı kimi davam etdirməyəcəm. Lakin onun sənətimizə və pedaqoqikaya doğru münasibəti ifaçı kimi çox böyük inkişafıma səbəb oldu və biz bir neçə ay məşğul olandan sonra artıq respublika müsabiqəsinin ikincisi idim. Məncə, bu artıq müəllim haqqında hər şeyi deyir. Bu çox böyük göstəricidir".

Ülvinin müəllimi - Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbinin tar müəllimi Zəfər Əhmədli də söhbətdə iştirak edir:

"Mən bu məktəbə 2022-ci ildə gəlmişəm, Üvli o vaxt 9-cu sinifdə oxuyurdu. Müəllimi təqaüdə çıxmışdı. Mən gələndə artıq onun böyük potensialı var idi. Çox qabiliyyətli və istedadlı şagird idi".

Zəfər müəllim Ülvinin bundan sonra daha da həvəsləndiyini, tara çox bağlandığını vurğulayaraq, şagirdinin nailiyyətləri və uğurları barədə fəxrlə bəhs edir.

"Çoxsaylı konsertlərimiz oldu: həm Rəşid Behbudov adına musiqi məktəbində, həm Rəşid Behbudov adına Mahnı Teatrında çıxış etmişik, - müəllim sadalayır. - Hazırda onun solo konsertinə hazırlaşırıq. Musiqi duyumu çox yaxşıdır. Bəstəkarlıqda da çox nailiyyətləri var. Belə məsləhət oldu ki, bəstəkarlığa davam etsin. Bu il məktəbdə sonuncu ilidir. Qismət olsa, Ülvinin solo konsertini verib, onu Musiqi Akademiyasına yola salacağıq".

Müəllimin fikrincə, müsabiqələr şagirdlərin inkisafında və tanınmasında mühüm rol oynayır. Musiqi təhsili isə gənc nəslin dünyagörüşünə təsir göstərir:

"Musiqi təhsili mənə görə çox önəmlidir. İstedadlı şagirdlərlə düzgün məşğul olduqda yaxşı nailiyyətlər əldə etmək mümkündür".

Zəfər müəllim Azərbaycan musiqisini milli dəyərimiz adlandırır və hesab edir ki, onu mütləq inkişaf etdirmək və beynəlxalq aləmdə tanıtmaq lazımdır.

AzVision.az


Teqlər: müsahibə   musiqi   gənc-musiqiçi  





Xəbər lenti