Azərbaycan və Almaniya prezidentlərinin görüşü baş tutub - FOTO - YENİLƏNİB

 Azərbaycan və Almaniya prezidentlərinin görüşü baş tutub -  FOTO - YENİLƏNİB
  26 Aprel 2024    Oxunub:1351
Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib.
AzVision.az xəbər verir ki, görüşdə "Petersberq İqlim Dialoqu"nun əhəmiyyəti və Prezident İlham Əliyevin bu tədbirdə çıxışı qeyd olunub

Dövlətimizin başçısı tədbirə dəvətə görə təşəkkürünü bildirib.

Söhbət zamanı COP29-la əlaqədar Almaniya ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq və heyətlər arasında görüşlərin önəmi xüsusi vurğulanıb. COP29-la bağlı yaradılan “üçlük” mexanizminin əhəmiyyətinə toxunuldu, Almaniyanın COP29-la əlaqədar Azərbaycana bundan sonra da dəstək göstərəcəyi diqqətə çatdırılıb.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycan tərəfi olub. Belə ki, sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsiplər Azərbaycan tərəfindən formalaşdırılıb və təqdim olunub. Azərbaycan tərəfi, həmçinin bunun əsasında sülh müqaviləsinin mətnini hazırlayıb.

Dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kansleri Olaf Şoltsun dəstəyi ilə Ermənistanın baş naziri ilə keçirilmiş görüşü, bu görüş çərçivəsində də məhz delimitasiya və demarkasiya məsələlərinin, sülh gündəliyinin irəlilədilməsinə dair müsbət müzakirələrin olduğunu qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, Almaniyanın xarici işlər nazirinin dəstəyi ilə Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri arasında görüş keçirilib və bu görüşdə sülh müqaviləsi üzrə əsaslı müzakirələrin aparılıb.

Söhbət zamanı sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində iki ölkə arasında birbaşa danışıqlarda əldə edilmiş nəticələr qeyd olunub.

Prezident İlham Əliyev Qazaxıstan tərəfinin təklifi ilə Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə danışıqları davam etdirmələri üçün növbəti görüşün Qazaxıstanda təşkil olunacağını deyib.

Frank Valter-Ştaynmayer qeyd edib ki, Almaniya tərəfi Ermənistanla Azərbaycan arasında sülh gündəliyini yaxından dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

* * *

19:24
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü yekunlaşıb.

* * *

19:08
Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniştərkibli görüşü başlayıb.

* * *

18:39
Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayerin təkbətək görüşü keçirilir.

* * *

18:17
Berlinə işgüzar səfərə getmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə təkbətək görüşü keçiriləcək.
Ştaymmayer Azərbaycan Prezidentini Belvü sarayında qarşılayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Ştaynmayerin iqamətgahında xatirə kitabını imzalayıb.

AzVision.az


Teqlər: Azərbaycan   Almaniya   Prezident   görüş  





Xəbər lenti