Ərdoğan Azərbaycana gələcək

  Ərdoğan Azərbaycana gələcək
  29 Yanvar 2025    Oxunub:370
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn ay Azərbaycana planlaşdırılan səfəri həssas dövrə təsadüf edəcək. Rusiya və İran təxribatlarının artdığı bir dövrdə Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyini daha da gücləndirməsi vacibdir".
AzVision.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu facebook hesabında yazıb.

Onun sözlərinə görə, Türkiyə Prezidentinin Xocalıya da səfəri planlaşdırılıb:

"Bu, Ərdoğanın iştirakı ilə Şuşada Türkiyənin konsulluq xidmətinin açılması üçün yaxşı fürsətdir. Konsulluq üçün böyük bina tələb olunmur. Şuşada olduğum müddətdə orada dağılmamış ikimərtəbəli evlər gördüm. Onlardan birinin konsulluq üçün münasib yer olacağı qənaətindəyəm. Yox əgər hazır məkan tapmaq mümkün deyilsə, konsulluq binasının təməlatma mərasiminin keçirilməsi də mümkündür.

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevi yanvarın 27-də Rusiya Xarici İşlər Nazirliyinə dəvət edən və Azərbaycan mətbuatında Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirən nazir müavini Mixail Qaluzin ötən ilin iyun ayında açıqlama vermişdi ki, Moskva və Bakı Rusiyanın Azərbaycanda Baş konsulluqlarının yaradılmasını müzakirə edir. Qaluzin Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılmasını nəzərdə tuturdu.

Məlum təyyarə qəzasından (AZAL-a məxsus təyyarə Qazaxıstanda qəza enişi edərkən partlamış,38 nəfər həlak olmuşdu-red.) sonra Xankəndidə Rusiyanın konsulluq xidmətinin açılması mümkün deyil. Bakıdakı “Rus evi”ni kəşfiyyat mərkəzinə çevirən Moskva Xankəndidəki “konsulluq xidmətini” daha betərinə çevirər. Azərbaycan ərazisində Rusiyaya aid bu kimi mərkəzlərin sayı nə qədər az olarsa, bizim üçün milli və təhlükəsizlik baxımından bir o qədər faydalıdır. Bunun qarşılığında Türkiyə ilə ittifaq gücləndirilməli və Şuşada qardaş dövlətin konsulluq xidmətinin fəaliyyəti təmin edilməlidir. Bu, Azərbaycanın həm də Rusiya və İrandakı mərkəzlərə tutarlı cavabı olar".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti