Ermənistan parlamenti Aİ-yə üzvlüyü dəstəklədi

   Ermənistan parlamenti Aİ-yə üzvlüyü dəstəklədi
  26 Mart 2025    Oxunub:1127
İkinci, yekun oxunuşda Ermənistan parlamentinin deputatları ölkənin Avropa İttifaqına (Aİ) daxil olması prosesinin başlanmasına dair qanun layihəsini qəbul ediblər.
AzVision.az xəbər verir ki, sözügedən qanun layihəsini dəstək üçün 50 mindən çox tələb olunan imza toplayan bir neçə ictimai təşkilat adından Ermənistanın Aİ-yə daxil olması üçün vətəndaş təşəbbüsünün nümayəndəsi Artak Zeynalyan təqdim edib.

Layihənin yekun variantında “demokratik institutları inkişaf etdirməyə, cəmiyyətin rifahını yaxşılaşdırmağa, ölkənin təhlükəsizliyini, davamlılığını və qanunun aliliyini möhkəmləndirməyə çalışan Ermənistan respublikanın Avropa İttifaqına daxil olması prosesinin başladığını elan etdiyi” bildirilir.

Ermənistan parlamentinin sədri Alen Simonyan 64 deputatın qanun layihəsinin qəbulunu dəstəklədiyini, 7-sinin isə onun əleyhinə səs verdiyini və beləliklə də, müsbət qərar çıxarıldığını açıqlayıb.

Müxalif “Ermənistan” fraksiyası səsvermədə iştirak etməyib, “Təzim edirəm” fraksiyası isə qanun layihəsinin əleyhinə çıxıb.

“Qanun layihəsinin heç bir fəaliyyət proqramını nəzərdə tutmadığını əsas gətirən müxalifət deputatları onu tənqid ediblər, Aİ rəsmiləri isə buna gözləniləndən çox zəif reaksiya veriblər”, - erməni mediası yazır.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, bu addım ölkənin avtomatik şəkildə Aİ-yə daxil olması demək deyil, çünki belə bir qərar referenduma çıxarılmalıdır. O, daha sonra Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) özünü “çox yaxşı hiss etdiyini”, lakin eyni zamanda, “xalqın müəyyən və həssas hissəsinin” ölkənin gələcəyi üçün Avropa seçiminə sahib olmaq istədiyini açıqlamışdı.

Zaxarova İrəvana növbəti dəfə məsləhət verib
Lakin İrəvanın Aİ-yə üzvlük kursunu seçəcəyi halda Ermənistanın “çox rahat durumdan” məhrum olacağı barədə Moskva dəfələrlə öz vassalına ciddi xəbərdarlıqlar ünvanlayıb.

Xatırladaq ki, dünən Azərbaycanın Xarici İşlər nazirliyi Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın iranlı həmkarı Seyid Abbas Ərağçi ilə birgə mətbuat konfransında səslənmiş əsassız iddialarına cavab verib.

Bu arada, öz mənbələrinə istinad edən Ermənistanın “İravunk” qəzeti ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinin tezliklə vəzifəsindən geri çağırılacağını yazıb.

Nəşrin məlumatına görə, onun geri çağırılması barədə qərar 10-15 gün əvvəl verilib, lakin diplomat bir aydan sonra bu vəzifədən gedəcək. Eyni zamanda xanım Kuin ABŞ-də məhkəmə qarşısına çıxa bilər. Ona verilə bilıəcək suallar Ermənistana gəlməmişdən əvvəl ABŞ-nin Ukraynadakı müvəqqəti işlər vəkili olması ilə bağlıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ermənistan    





Xəbər lenti