Hakan Fidandan CHP sədrinə sərt cavab: “Artıq həddini bil!”

   Hakan Fidandan CHP sədrinə sərt cavab:    “Artıq həddini bil!”
  07 Aprel 2025    Oxunub:807
Bu gün Ankarada keçirilən mitinqdə CHP sədri Özgür Özəl bildirib ki, hakimiyyət Əkrəm İmamoğlunun həbsini ABŞ prezidenti Donald Tramp ilə razılaşdırıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan "X" hesabında ona çox sərt cavab verib.
- Artıq həddini bil! – sözlərilə başlayan Fidan bildirib ki, prezident Ərdoğan millətdən aldığı dəstəklə illərdir Türkiyəyə xidmət edib, hər cür böhtanlara qarşı mübarizə aparıb: “Biz millətimizdən başqa heç kimdən əmr almırıq. Xalqdan başqa heç kimdən icazə istəmirik. Türkiyəni hədəf alan müxtəlif güclərə qarşı mübarizə aparırıq”.



Nazir daha sonra bildirib ki, xarici qüvvələrə sığınan məhz CHP-nin rəhbəridir: “İllərdir ki, millətin iradəsinə qarşı qiyamların kölgəsində siyasət yürüdən bir ənənəni təmsil edən Özgür Özəldir.
Legitimliyi seçki qutusundan kənarda axtaran, siyasəti küçədə layihələndirməyə çalışan Özgür Özəldir.
Həftələrdir xarici qüvvələrdən kömək gözləyən, "özmüzü atılmış hiss edirik" deyə xarici paytaxtlardan dəstək dilənən Özgür Özəldir.
Qanunsuzluqla bağlı məhkəmə iddiasından qəhrəmanlıq hekayəsi düzəltməyə çalışan Özgür Özəldir”.

Hakan Fidan bildirib ki, onlar fərdi qərəzləri konspiroloji nəzəriyyələrlə ört-basdır edib, "siyasət" adı altında təqdim edən təfəkkür tərzini rədd edirlər. “Biz millətimizə xidmət yolunda qətiyyətlə çalışmağa davam edəcəyik",- deyə nazir postunu yekunlaşdırıb.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Türkiyə  





Xəbər lenti