Ceyhun Bayramovdan Mirzoyana sərrast cavab

      Ceyhun Bayramovdan Mirzoyana sərrast cavab
  12 Aprel 2025    Oxunub:497
Ermənistandan fərqli olaraq Azərbaycan Konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiası yer almır.
AzVision.az xəbər verir ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda keçirilən panel müzakirəsində Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyana cavabında deyib.

Konstitusiya iddiaları və qarşılıqlı mövqelər
Mirzoyan analoji Konstitusiya iddialarının Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmasının mümkün olduğunu, lakin İrəvanın belə bir addım atmadığını iddia edib.

Azərbaycanın Konstitusiyasında ərazi iddiaları yoxdur
Nazir Ceyhun Bayramov cavabında bildirib ki, Azərbaycan Konstitusiyasında Ermənistandan fərqli olaraq hər hansı ərazi iddiası yer almır və əgər belə bir fakt olsaydı Ermənistan tərəfi mütləq bu məsələni qaldırardı.

Sülh müqaviləsi və Konstitusiya dəyişikliyi zərurəti
Ceyhun Bayramov vurğulayıb ki, Konstitusiya dəyişikliyi olmadan Ermənistanla sülh müqaviləsinin imzalanması məntiqsizdir. Belə ki, heç bir beynəlxalq razılaşma ölkənin əsas qanunu olan Konstitusiyaya zidd ola bilməz. Bu baxımdan sülh müqaviləsində Azərbaycanın ərazi bütövlüyü tanınsa belə, o, Ermənistan Konstitusiyasına zidd olacağı üçün hüquqi qüvvəsi sual altında qalacaq.

Sülh yolu ilə irəliləmək üçün şərt
Azərbaycanlı nazir, bu baxımdan, Ermənistanın müvafiq Konstitusiya dəyişikliyinin sülh razılaşmasının imzalanmasından öncə baş verməli olduğunu vurğulayıb.

Ceyhun Bayramov onu da əlavə edib ki, Konstitusiya dəyişikliyi ilə dövlətlərarası münasibətlərin tənzimlənməsinə dair analoji hallar da mövcuddur və bu məsələ Azərbaycanın mövqeyinin maksimalist olması kimi qiymətləndirilə bilməz.

“Burada qeyri-adi heç nə yoxdur və ya bu, Azərbaycanın mövqeyinin maksimalist olduğu anlamına gəlmir. Nazir Mirzoyanın Ermənistan tərəfininin Azərbaycan konstitusiyası ilə bağlı bənzər narahatlıqları ilə bağlı son arqumentinə gəlsək, hər şeydən əvvəl bu reallığı əks etdirmir. Azərbaycan Konstitusiyasında müasir Ermənistan Respublikasının hər hansı coğrafi ərazi adı qeyd edilməyib. Düşünürəm ki bizim erməni həmkarlarımız bunu çox yaxşı bilirlər, əksi olsaydı onlar əminliklə bu məsələni qaldırardılar. Çünki Ermənistanın, Azərbaycanın və Türkiyənin hüquqi sistemləri az-çox eynidir. Siz ölkənin Konstitusiyasına zidd olan beynəlxalq razılaşma imzalaya bilməzsiniz”, - Ceyhun Bayramov Mirzoyana cavabında vurğulayıb.

AzVision.az



Teqlər: Bayramaov   Mirzoyan   cavab  





Xəbər lenti