Qızılın qiyməti tarixi rekord vurub

   Qızılın qiyməti tarixi rekord vurub
  22 Aprel 2025    Oxunub:478
Qızılın qiyməti tarixdə ən yüksək həddə çataraq ilk dəfə bir unsiya üçün 3450 dolları keçib. Bakı vaxtı ilə saat 07:41-ə olan ticarət məlumatlarına əsasən, Çikaqo Ticarət Birjasında (CME) iyun fyuçerslərinin qiymətləri 2,3% artaraq bir unsiya üçün 3504,2 dollar təşkil edib.
AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, dolların zəifləməsi, prezident Donald Trampın Federal Ehtiyatlar Sistemini (FES) tənqid etməsi və ticarət müharibəsinin nəticələri səbəbindən yaşanan narahatlıqlar fonunda qızıl rekord həddə yüksəlib.

“Donald Tramp FES-in rəhbəri Cerom Pauellə təzyiqləri artırıb və tənzimləyicidən faiz dərəcələrini aşağı salmağı tələb edib. Zəif dollar qiymətli metalları digər valyutalarla ticarət aparan iştirakçılar üçün daha cəlbedici ehtiyata çevirir. Nəticədə bu, təhlükəsiz aktivlərə tələbatın artmasına səbəb olub”, - agentlik vurğulayır.

Qızılın rekord parıltısı | TƏHLİL
Böyük mərkəzi banklar da bütün dünyada güclü tələbi dəstəkləyərək ehtiyatlarını qızılla doldururlar. Qızılın qiyməti bu il 30%-dən çox artaraq onu ən gəlirli əmtəələrdən birinə çevirib.
“KCM Trade” şirkətinin bazar üzrə baş analitiki Tim Uoters bildirib ki, tarif narahatlıqları və Tramp-Pauell qarşıdurması səbəbindən sərmayəçilər ABŞ aktivlərini ataraq qızılı əlverişli mövqedə saxlayırlar.

“Goldman Sachs” bankı qızılın yeni rekord səviyyələrə yüksəlməyə davam edəcəyini proqnozlaşdırır. Bank onun məzənnəsinin bu ilin sonuna kimi 3700 dollar/unsiyaya qalxacağını, gələn ilin ortalarında isə 4000 dollar/unsiyaya çatacağını ehtimal edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   qızıl   rekord  





Xəbər lenti