Aİ Macarıstanı çıxdaş etmək istəyir

   Aİ Macarıstanı çıxdaş etmək istəyir
  22 Aprel 2025    Oxunub:550
Avropa İttifaqı (Aİ) ölkələri Macarıstanı "Ukraynanın bu ittifaqa qəbuluna qarşı çıxdığı üçün" səsvermə hüququndan məhrum qoymağı nəzərdən keçirir.
Britaniyanın "The Guardian" qəzeti öz mənbələrinə istinadən yazır ki, hazırda bu məsələyə "həmişəkindən daha ciddi" baxılmaqdadır. Hərçənd qəzetə danışanların fikrincə, belə bir addım heç vaxt həyata keçirilməyəcək.

"Çünki Aİ üzvlüyünə malik hər hansı ölkənin səsvermə hüququnun ləğvindən ötrü qalan 26 üzvün yekdil qərarı vacibdir", - onlar bildirirlər.

Keçən ay Macarıstanın Baş naziri Viktor Orban diqqətə çatdırmışdı ki, Aİ ölkələri "Rusiyaya qarşı hərbi əməliyyatların davamı" müqabilində Ukraynaya üzvlük təklifi irəli sürmək niyyətindədir.

"Ukraynanın tezbazar ittifaqa qəbulu regionda sonsuz müharibəyə gətirib çıxara bilər", - Orban söyləyib.

Hələ fevralda Macarıstan bu məsələ üzrə danışıqların ilk mərhələsinin başlamasına veto qoyub. Eyni zamanda, Macarıstanda Ukraynanın ittifaqa qəbulu na dair referendum keçirilməsi gözlənilir. Rəsmi Budapeşt vurğulayır ki, bu potensial "ilhaq" təqribən 2,5 trilyon avroya başa gələ bilər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Macarıstan     Ukrayna   müzakirə  





Xəbər lenti