Kelloq: “Ukraynada sülh üzrə 22 şərt hazırlanıb”

      Kelloq:    “Ukraynada sülh üzrə 22 şərt hazırlanıb”
  30 Aprel 2025    Oxunub:300
Londonda aparılan danışıqlar zamanı Ukrayna və ABŞ müharibənin dayandırılması üçün 22 konkret şərtdən ibarət siyahı hazırlayıb.
AzVision.az xəbər verir ki, ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq “Fox News” telekanalının efirində belə deyib.

“Hər şey ukraynalıların xoşuna gəlmədi, amma bu normaldır. Danışıqlarda hazırlana yekun mövqe heç kimin xoşuna gəlmir. Amma hər iki tərəf olduqca yaxşı mövqedədir”, - Kelloq bildirib.

Moskvanın müharibədə mümkün qələbəsi barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun bəyanatlarını ayrıca şərh edən amerikalı məmurun fikrincə, belə ritorika reallıqla uzlaşmır.

- Rusiya bu müharibədə qalib gəlməyəcək. Son il yarımda Rusiya heç bir uğur əldə etməyib. Yüz minlərlə əsgər itiriblər, onlar kilometrlərlə yox, metrlərlə irəliləyirlər. Ukraynalılar isə öz torpaqlarında şiddətlə döyüşürlər. Ona görə də Rusiya qalib gəldiyini deyəndə, bu belə deyil”, - Kelloq vurğulayıb.

Donald Trampın xüsusi nümayəndəsi bildirib ki, Rusiya şəraitin dəyişdiyini dərk etməlidir. Ukrayna yaxşı vəziyyətdədir, avropalı tərəfdaşlar isə, ABŞ-nin iştirakı olmadan, xüsusən də Böyük Britaniyanın və Fransanın rəhbərliyi altında güclənir və dəstək qüvvələri formalaşdırırlar: “Ukraynaya dəstəyini artırmaq lazım gələrsə, onlar indi buna çox hazırdırlar”.

Avropa Kiyevə köməkçi deyil
Kit Kelloqun iddiasına görə, bu müharibədə heç kim hərbi yolla qalib gəlməyəcək, yeganə yol diplomatik yoldur. Ukraynalılar bunu ötən həftədən sonra yaxşı başa düşürlər, indi ruslar da bunu anlamalıdırlar.

Kelloqun avropalı müttəfiqlərin ABŞ-nin iştirakı olmadan da Ukraynaya lazımi köməyi göstərməyə hazır olması barədə bəyanatı əslində elə də inandırıcı səslənmir. Belə ki, mənbələrə istinad edən “The Times” qəzetinin yazdığına görə, nəinki bir çox Avropa ölkələri bunun əleyhinə çıxırlar, hətta Böyük Britaniya və Fransa belə bu məsələdə ciddi çətinliklərlə üzləşiblər.

Xatırladaq ki, aprelin 23-də Londonda Ukrayna, Böyük Britaniya, Fransa, Almaniya və ABŞ nümayəndələrinin iştirakı ilə danışıqlar aparılıb. ABŞ-nin Dövlət katibi Marko Rubio və xüsusi elçi Stiven Uitkoffun görüşdə iştirakdan imtina etməsinə baxmayaraq, Kelloq danışıqları müsbət qiymətləndirib.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Kelloq   Ukrayna   şərtlər  





Xəbər lenti