Yellen: Amerika tənəzzül təhlükəsi ilə üzləşib

      Yellen:    Amerika tənəzzül təhlükəsi ilə üzləşib
  01 May 2025    Oxunub:483
Prezident Donald Trampın ticarət siyasəti və tarifləri səbəbindən ABŞ iqisadiyyatında tənəzzül təhdidi mövcuddur.
AzVision.az xəbər verir ki, ABŞ-nin keçmiş Maliyyə naziri Canet Yellen “Financial Times (FT)” qəzetinə müsahibəsində belə iddia səsləndirib.

“Ölkəyə idxal olunan malların təxminən 40%-nin yerli istehsal üçün istifadə edildiyindən tarif strategiyası ABŞ-yə, istehlakçılara, idxala güvənən şirkətlərin rəqabət qabiliyyətinə ciddi mənfi təsir göstərəcək. Hələ ki, tənəzzülü proqnozlaşdırdığımı söyləməyə hazır deyiləm, lakin bu ssenarinin baş vermə ehtimalı xeyli artıb”, - xanım Yellen vurğulayıb.

Sabiq nazir, həmçinin ABŞ-nin “əsas təbii ehtiyatlar baxımından Çindən son dərəcə asılı” olduğunu və Çin idxalına son dərəcə yüksək tariflərin saxlanılmasının ölkə iqtisadiyyatının bütün sektorlarını əhəmiyyətli dərəcədə zəiflədə biləcəyinə diqqət çəkib. Bu, batareyaların istehsalı üçün nadir torpaq metallarını tələb edən yaşıl enerjiyə xüsusilə güclü təsir göstərə bilər.

- Mən çox məhdud sayda yaxşı işlənib hazırlanmış, dar istiqamətli tariflərin tətbiqini dəstəkləyirdim. Çünki belə yanaşman bir sıra Amerika şirkətlərinin, o cümlədən günəş panelləri istehsalçılarının Çinlə rəqabətini asanlaşdıracaqdı”, - Canet Yellen bildirb.

Xatırladaq ki, bundan əvvəl Çinin “CCTV” dövlət televiziyası ilə əlaqəli “Yuyuantantian” hesabının sosial mediada yazdığına görə, ABŞ rəsmiləri müxtəlif kanallar vasitəsilə tarif danışıqlarına başlamağa hazır olduqlarını bildiriblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Yellen   ABŞ   tənəzzül  





Xəbər lenti