Şolz təntənəli şəkildə vəzifədən getdi

   Şolz təntənəli şəkildə vəzifədən getdi
  06 May 2025    Oxunub:393
Berlindəki “Bendlerblok” hərbi kompleksinin həyətində Almaniya kansleri Olaf Şolzla vida mərasimi keçirilib.
AzVision.az “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, “Böyük axşam şəfəqi” adlı ənənəvi vida mərasimində çıxış edən Şolz birliyə və demokratik dəyərlərin qorunub saxlanmasına çağırıb. Onun sözlərinə görə, mayın 6-da baş verəcək hakimiyyət dəyişikliyi “demokratik normaların təzahürüdür”.

“Almaniyadakı kimi hakimiyyətin mədəni, kollegial və ləyaqətli ötürülməsi heç də özü-özlüyündə baş verən bir hadisə deyil. Məhz buna görə də demokratlar arasında sivil ünsiyyəti qorumaq çox vacibdir, çünki bu, qiymətli prosesdir”, - Olaf Şolz vurğulayıb.

O, kansler vəzifəsini yerinə yetirməyə hazırlaşan Fridrix Mertsə “çoxlu uğurlar, müvəffəqiyyətlər və yüngül əli” arzulayıb. Çıxışının sonunda Şolz deyib: “Almaniyaya onun Federal kansleri kimi xidmət etmək mənim həyatımın şərəfi olub və belə də qalır”.

Mərasimdə 300-ə yaxın əsgər və zabit iştirak edib. Qonaqlar arasında Federal prezident Frank-Valter Ştaynmayer və gələcək kansler Fridrix Merts də olub. Tədbir zamanı Bundesver orkestri ənənəvi şəkildə vəzifədən gedən kanslerin seçdiyi üç kompozisiyanı ifa edib.

Olaf Şolz vidalaşmaq üçün müxtəlif dövrlərin klassiklərini seçib – “Beatles” qrupunun “In My Life” mahnısı, Baxın konsertlərindən birindən parça və Areta Franklinin “Respect” mahnısı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Şolz   vida   mərasim  





Xəbər lenti