Vaşinqton İsveçrə bankını cəzalandırır

   Vaşinqton İsveçrə bankını cəzalandırır
  06 May 2025    Oxunub:387
ABŞ vətəndaşlarına vergidən yayınmada yardım göstərməkdə günahını etiraf edən İsveçrənin “Credit Suisse” bankının törəmə şirkəti 510,61 milyon dollar məbləğində cərimə ödəməli olacaq.
AzVision.az xəbər verir ki, ABŞ-nin Ədliyyə nazirliyinin saytında yerləşdirilən məlumata əsasən, baank Amerikanın vergi idarəsindən 4 milyard dollardan çox pul gizlətmək məqsədi ilə sui-qəsddə iştirak etməkdə ittiham olunur. İstintaq bildirir ki, bu məqsədlər üçün azı 475 ofşor hesabdan istifadə edilib.

“Bankın işçiləri, eyni zamanda, vergi qanunvericiliyinə lazımi riayət etmədən uydurma xeyriyyəçilik ianələri barədə saxta sənədlər hazırlayarq 1 milyard dollardan çox vəsait həcmində müxtəlif hesablara xidmət göstəriblər”, - Amerikanın Maliyyə nazirliyi vurğulayıb.

2023-cü ildə “Credit Suisse” bankını satın aldıqdan sonra “UBS Group” bankın Sinqapur bölməsində ABŞ müştərilərinin bəyan edilməmiş hesablarını aşkarlayıb. “UBS Group” belə hesabların bir hissəsini donduraraq, pozuntu barədə məlumatları könüllü şəkildə ABŞ-nin Ədliyyə nazirliyinə təqdim edib.

Məhkəmənin qərarına əsasən, “Credit Suisse” 510,61 milyon dollar cərimə ödəcək. Bundan əlavə, həm bankın özü, həm də “UBS Group” davam edən təhqiqatla tam əməkdaşlıq və ABŞ müştərilərinin sonradan açıqlana biləcək bütün əlavə hesab məlumatlarını təqdim etməyə borcludurlar.

Qeyd edək ki, “Credit Suisse” artıq oxşar ittihamlara görə məsuliyyətə cəlb olunub: 2014-cü ildə bank amerikalı müştərilər üçün saxta vergi bəyannamələri hazırlamağa kömək etdiyi üçün 2,6 milyard dollar cərimə ödəməyə razılaşıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   “CreditSuisse”   cəza  





Xəbər lenti