İran geri addım atır?

   İran geri addım atır?
  15 May 2025    Oxunub:469
"İran iqtisadi sanksiyaların ləğvi müqabilində ABŞ ilə nüvə proqramı üzrə saziş imzalamağa hazırdır".
Bu sözləri İranın ali dini lideri Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şəmxani "NBC News" telekanalına müsahibəsində dilə gətirib. O vurğulayıb ki, rəsmi Tehran bu şərtlər çərçivəsində nüvə silahı yaratmaq istəyindən də əl çəkə bilər.

"Sanksiyaların ləğvi müqabilində zənginləşdirilmiş uran ehtiyatlarını əldən çıxarmağa, bu maddəni yalnız mülki istifadə üçün işlətməyə, beynəlxalq müfəttişlərin prosesə baxış keçirmələrinə imkan yaratmağa hazırıq", - Şəmxani söyləyib.
Tramp: "İran şərtlərimizi yerinə yetirməlidir"

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Körfəz Əməkdaşlıq Şurası liderləri ilə görüşündə "İranla nüvə sazişi yalnız o şərtlə imzalanar ki, bu ölkə nüvə proqramını tamamilə dayandırsın, eyni zamanda, regiondakı terror qruplaşmalarına dəstək verməkdən əl çəksin" deyib. O vurğulayıb ki, İran terror qruplaşmalarına maliyyə yardımını dayandırmalı, onları qızışdırıb müharibə şəraiti yaratmaqdan çəkinməli və nüvə silahı yaratmaq cəhdini birdəfəlik boşlamalıdır. Xameneinin müşavirinin telekanalla müsahibədə açıq-aşkar dilə gətirdiyi məqamlar göstərir ki, Tehran Trampın bu şərtlərini yerinə yetirməyə razıdır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   ABŞ   nüvə-danışıqları  





Xəbər lenti