Komitə sədri: Gənclərin mənəvi tərbiyəsində ailənin rolu əvəzsizdir

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mayın 15-də Beynəlxalq Ailə Günü münasibətilə təşkil olunan “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda keçirilən konfransda çıxışı zamanı söyləyib.
Komitə sədri qeyd edib ki, Azərbaycan ailəsi həm mənəviyyat, həm birlik, həm də milli kimlik baxımından nadir və güclü bir strukturdur: “Bizim əsas gücümüz də bu ailə modelindən və onun hökumət tərəfindən dəstəklənməsindən qaynaqlanır. Ailənin dağılması, dayaqlarının sarsılması cəmiyyət üçün ciddi təhlükələr yarada bilər və bu səbəbdən məsələyə yanaşma hər zaman diqqət mərkəzində saxlanılmalıdır”.
Dövlət Komitəsi sədrinin sözlərinə görə, ailə institutunun qorunması istiqamətində kompleks yanaşma tələb olunur: “Bu məqsədlə konseptual sənədlər hazırlanır, hüquqi və sosial mexanizmlər təkmilləşdirilir. Prezident İlham Əliyevin ailə institutuna, milli dəyərlərə göstərdiyi xüsusi diqqət bu sahədə fəaliyyətlərin daha effektiv və davamlı şəkildə həyata keçirilməsinə şərait yaradır. Ailə ilə bağlı məsələlərin diqqətdən kənarda qalması, dövlət siyasətində gecikmələrin yaşanması ölkənin milli təhlükəsizliyinə birbaşa təsir göstərə bilər. Məhz bu səbəbdən ailə siyasəti Azərbaycanda prioritet sahələrdən biri kimi müəyyən edilib”.
AzVision.az
Teqlər: