“Amerikanın Səsi” satılır

   “Amerikanın Səsi” satılır
  16 May 2025    Oxunub:337
ABŞ prezidenti Donald Trampın administrasiyası “Amerikanın səsi” radiosunun Vaşinqtondakı tarixi “Wilbur Cohen Federal Building”də yerləşən qərargahını satmağı planlaşdırır.
AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Kapitolinin və Milli Alleyanın yaxınlığında yerləşən bina, ABŞ Federal Daşınmaz əmlakının sayını azaltmaq səylərinin bir hissəsi kimi “sürətli satış” üçün siyahıya alınmış obyektlərin sonuncusudur.

“Amerikanın Səsi” ilə yanaşı, binada ABŞ Qlobal Media Agentliyi (USAGM), radiostansiyanın əsas agentliyi, habelə Səhiyyə və Sosial Xidmətlər departamenti yerləşir.

Satış təşəbbüsü Trampın “Amerikanın Səsi” radiosunu, eləcə də ona qohum “Azad Avropa Radiosu”, “Azad Asiya Radiosu”, Kubaya yayım Ofisi və Açıq Texnologiyalar Fondunun fəaliyyətini dayandırmaq cəhdləri ilə bir vaxta təsadüf edir.

“Binanın satılması planı Trampın müşaviri İlon Maskın federal strukturları ixtisar etmək strategiyasının bir hissəsidir. Bina satılarsa, “Amerikanın Səsi”nin işçiləri və podratçıları məhkəmə və ya Konqresdə maliyyənin kəsilməsinə uğurla etiraz etsələr belə, fəaliyyət göstərmək üçün binasız qala bilərlər”, - agentlik vurğulayır.

Bundan əvvəl məlum olmuşdu ki, “Amerikanın səsi” radiosunun yayımı dayandırılıb, əməkdaşlarının əhəmiyyətli hissəsi inzibati məzuniyyətə göndərilib. “Azadlıq” radiosu, öz növbəsində, Trampın qərarını “Amerikanın düşmənlərinə hədiyyə” adlandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   radio   satış  





Xəbər lenti