“Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı keçirilir

“Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı keçirilir
  17 May 2025    Oxunub:303
Bu gün beşinci “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı başlayıb.
AzVision.az xəbər verir ki, analitik təhlil imtahanı 4 sessiya olmaqla, 2 gün keçiriləcək. İmtahanlar Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 153, 158, 161, 229 və 238 nömrəli tam orta məktəblərdə, bununla yanaşı Sumqayıt şəhərində yerləşən 1 nömrəli tam orta məktəbində təşkil olunub. Naxçıvan şəhərində isə imtahan mayın 18-də baş tutacaq.

Namizədlər əvvəlcədən seçdikləri kimi 10:00-da və 15:30-da imtahanda iştirak edə biləcəklər. Bundan əlavə, xaricdə yaşayan namizədlər üçün də distant formatda, proktorinq üsulu ilə 4 sessiyadan ibarət imtahanlar təşkil edilib.

Xatırladaq ki, əyani mərhələnin birinci turu olan Analitik təhlil imtahanında 7256 namizəd iştirak hüququ qazanıb.

İmtahan Verbal, Rəqəmsal və Abstrakt təhlil olmaqla, 3 blok üzrə aparılır. Qeyd edək ki, imtahana 3 saat vaxt ayrılıb.

Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə hesablanacaq. T-şkalası bir çox beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur.

Analitik təhlil imtahanının nəticələri imtahan bitdikdən sonra 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində göndəriləcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Prezident İlham Əliyev 2024-cü il dekabrın 18-də beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

AzVision.az


Teqlər: Yüksəliş   imtahan  





Xəbər lenti