Türkiyə hərbi nümayəndə heyəti Naxçıvana gedib

Türkiyə hərbi nümayəndə heyəti Naxçıvana gedib
  17 May 2025    Oxunub:329
Türkiyə Milli Müdafiə Universitetinin (MMU), Hərbi Hava və Hərbi Dəniz institutlarının rəhbər heyəti, müəllimləri və "Qərargahın idarə olunması kursu"nun dinləyiciləri ölkəmizə səfər çərçivəsində Naxçıvanda olublar.
AzVision.az xəbər verir ki, qonaqlar əvvəlcə Naxçıvan şəhərinin baş meydanında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdiriblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub, qonaqlara Ulu Öndərin çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən mənalı ömrünün Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib.

Nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. Onlara ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı ətraflı məlumat verilib, protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.

ƏÜO komandanı general-mayor Kənan Seyidov Türkiyə Milli Müdafiə Universitetinin rektoru, professor Erhan Afyoncu ilə görüşüb.

Görüş zamanı hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə görüləcək işlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.

Türkiyəli nümayəndələr Naxçıvan Hərbi Kolleci və Heydər Əliyev adına Hərbi Liseydə olublar. Onlara xüsusi təyinatlı təhsil müəssisələrində aparılan islahatlar, mövcud hərbi təhsil sistemi, tədris və elmi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qonaqlar qərargah, tədris korpusları, yataqxana və digər inzibati binalara baxış keçirib, kursantlar üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olublar.

Daha sonra Türkiyə-Azərbaycan Dostluq Parkı və tarixi-mədəniyyət abidələri ziyarət olunub. Ölkəmizə "Xarici ölkələrdə müşahidə gəzintisi" çərçivəsində səfəri zamanı qardaş ölkənin nümayəndə heyəti, işğaldan azad edilmiş ərazilərimizi də ziyarət edib, aparılan bərpa-quruculuq işləri ilə tanış olublar.

AzVision.az


Teqlər: MN  





Xəbər lenti