“Vindzor Kral Atçılıq Şousu” başa çatıb I VİDEO

“Vindzor Kral Atçılıq Şousu” başa çatıb    I VİDEO
  19 May 2025    Oxunub:463
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” başa çatıb.
Bu barədə AzVision.az -a Azərbaycan Respublikası Atçılıq Federasiyasından bildirilib. Qeyd olunub ki, Prezidenti İlham Əliyevin yüksək diqqəti və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə milli sərvətimiz olan Qarabağ atlarının qorunması və dünya miqyasında tanıdılması sahəsində mühüm işlər görülmüş, əhəmiyyətli addımlar atılıb.

Görülmüş məqsədyönlü işlərdən biri də qədim və unikal mədəniyyətimizin təbliği üçün olduqca önəmli platformaya çevrilən və 2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycanın layiqincə tanıdılmasıdır. Nümayəndə heyətimizin hər il təqdim etdiyi bənzərsiz şou-proqramlar və performanslar bu möhtəşəm tədbirin əvəzolunmaz tərkib hissəsinə çevrilib.

Heydər Əliyev Fondunun böyük dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının peşəkar təşkilatçılığı sayəsində Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı ölkəmizi “Vindzor Kral Atçılıq Şousu”nda növbəti dəfə uğurla təmsil etmiş, göstərdikləri performansları, qədim tariximizi və milli geyimlərimizi əks etdirən çıxışları ilə tamaşaçıların diqqətini cəlb edib, onların marağına səbəb olub.

Tədbir zamanı milli musiqi alətlərimizdə səslənən musiqilər, “Sərhədçi” rəqs ansamblının enerji dolu rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində nümayiş etdirdiyi igidlik və cəsarət nümunələri Böyük Britaniya tamaşaçılarının böyük rəğbətini qazanmış, hər gün 20 dəqiqə davam edən şou müddətində süvarilərimiz yüksək peşəkarlığı və dəqiqliyi ilə seçilib.

Tədbir çərçivəsində ölkəmizin zəngin mədəniyyətini əks etdirən iki dəyərli sənət nümunəsi də təqdim edilmiş, Heydər Əliyev Fondunun təşkil etdiyi Azərbaycan pavilyonu barədə qonaqlara verilən məlumatlar böyük maraqla qarşılanmışdır. Daha sonra tanınmış rəssam Elnur Mahmudovun əsəri Böyük Britaniya Kralı III Çarlza hədiyyə edilmiş, rəssam Aygün Nağıyevanın əl işi xalçası isə Edinburq hersoqu Şahzadə Edvarda təqdim olunub.

Tədbirin kulminasiya nöqtəsində “Land of Fire – Azerbaijan” polo komandası Böyük Britaniyanın Vindzor şəhərini təmsil edən “Guards” polo komandası üzərində 12:10 hesablı parlaq qələbə qazanıb.

Qarşılaşmanın sonunda Beynəlxalq Polo Federasiyasının prezidenti cənab Reto Gaudenzi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti cənab Elçin Quliyev arenada “Land of Fire – Azerbaijan” komandasını təbrik etmiş, bununla da mötəbər tədbir başa çatıb.




AzVision.az


Teqlər:





Xəbər lenti