Etirazçılar Trampın doğum gününə hazırlaşırlar

   Etirazçılar Trampın doğum gününə hazırlaşırlar
  19 May 2025    Oxunub:468
İyunun 14-də, prezident Donald Trampın 79-cu doğum günündə ABŞ-də onun siyasətinə qarşı etiraz aksiyaları planlaşdırılıb.
AzVision.az xəbər verir ki, “ABC7” telekanalının məlumatına görə, etirazları iştirakçıları Trampın istefası tələbini qoyan “Refuse Fascism (Faşizmdən imtina)” hərəkatı təşkil edir. “No Kings Day (Krallar Günü yoxdur)” şüarı altında keçiriləcək mitinqlər ABŞ ordusunun 250 illiyi şərəfinə keçiriləcək şənliklərdən, o cümlədən Vaşinqtonda baş tutacaq hərbi paraddan əhalinin diqqətini yayındırmaq məqsədilə bütün ölkədə təşkil olunacaq.

Hərəkatın fəalları Trampın “qanunun aliliyinə xələl gətirdiyini” bildirir və onun administrasiyasını miqrantların kütləvi şəkildə qovulması siyasətinə görə tənqid edirlər. Onların fikrincə, prezidentin hərəkətləri miqrantların hüquqlarını pozur və ölkənin demokratik dəyərlərinə təhlükə yaradır.

Trampın doğum günündə hərbi parad neçəyə başa gələcək? - VİDEO
Xatırladaq ki, mayın 2-də Ağ Evin daxili siyasət üzrə şurasının sədri Vins Heyli iyunun 14-də Trampın doğum günü və 1775-ci ildə İnqilab Müharibəsində ilk vətənpərvərlərin ölümünün ildönümü ilə üst-üstə düşən böyük hərbi parad planlarını təsdiqləyib.

Paradda təxminən 6500 hərbçinin, 150-yə yaxın yerüstü texnikanın və 50 təyyarənin, o cümlədən 20-dən çox “M1 Abrams” döyüş tankının iştirak edəcəyi gözlənilir. Mənbələrə istinad edən “Reuters” agentliyinin yazdığına görə, paradın keçirilməsi ABŞ büdcəsinə 25-45 milyon dollara başa gələcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   etirazçılar  





Xəbər lenti