Regionlarda qadın hüquqlarının təşviqi və gender bərabərliyi gündəmdə

Regionlarda qadın hüquqlarının təşviqi və gender bərabərliyi gündəmdə
  19 May 2025    Oxunub:397
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə həyata keçirilən “Güclü cəmiyyətin zərif simaları” layihəsinin növbəti görüşü Şamaxı rayonunda baş tutub.

Tədbirin əsas məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi inkişafına, liderlik bacarıqlarının formalaşmasına, ictimai fəallığın artırılmasına və rəqəmsal dünyaya inteqrasiyasına dəstək verməkdir. Layihə, eyni zamanda, qadın hüquqlarının təşviqinə və gender bərabərliyinin təmin olunmasına xidmət edir.

Görüşdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyyubova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, eləcə də Regional İnkişaf İctimai Birliyinin layihələr və könüllülərlə iş şöbəsinin rəhbəri Adilə Əliyeva layihənin əhəmiyyəti barədə çıxış ediblər.



Tədbirdə xüsusi qonaq qismində iştirak edən Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini Könül Nurullayeva və 2023-cü il Gənclər üçün Prezident mükafatı laureatı, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova TEDx formatında çıxış edərək, gənc qızlara və qadınlara şəxsi inkişaf, motivasiya və ictimai fəaliyyət sahəsində tövsiyələr veriblər.

Görüş zamanı iştirakçılara qadınların hüquqi maarifləndirilməsi, texnoloji savadlılığın artırılması, ictimai təşəbbüslərdə aktiv iştirakı və sosial imkanlardan daha geniş yararlanması üçün dövlət və ictimai təşkilatların gördüyü işlər barədə də ətraflı məlumat verilib.

Qeyd edək ki, “Güclü cəmiyyətin zərif simaları” layihəsi təkcə maarifləndirici məqsəd daşımır, eyni zamanda, regionlarda qadın potensialının aşkarlanması və dəstəklənməsi baxımından əhəmiyyətli sosial platformaya çevrilməkdədir. Layihə çərçivəsində müxtəlif şəhər və rayonlarda görüşlər, seminarlar və motivasiyaedici sessiyalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti