“Amnesty International” Rusiyada qadağa altına düşür

Rusiya Baş Prokurorluğunun iddiasına görə, təşkilatın fəalları “regionda hərbi qarşıdurmanı artırmaq”, “ekstremist təşkilatları dəstəkləmək" və "qondarma xarici agentləri maliyyələşdirməklə" məşğuldurlar.
“Amnesty İnternational” həmçinin “Ukraynalı neonasistlərin cinayətlərinə haqq qazandırmaqda”, onlar üçün maliyyənin artırılmasına çağırışda və Rusiyanın siyasi-iqtisadi təcridini təşviq etməkdə günahlandırılır.
Baş Prokurorluğun bəyanatına baxmayaraq, “Amnesty İnternational” hələ Rusiya Ədliyyə nazirliyi tərəfindən saxlanılan “arzuolunmaz” təşkilatların rəsmi siyahısına daxil edilməyib. Bu siyahıya daxil olmaq, adətən, Baş Prokurorluğun press-relizinin dərcindən bir həftə sonra baş verir. Hazırda siyahıya 223 təşkilat daxildir.
“Amnesty İnternational” bütün dünyada insan hüquqlarının qorunmasının monitorinqini aparan beynəlxalq QHT-dir. Təşkilat öz hesabatlarında dəfələrlə insan haqlarının, o cümlədən Ukraynadakı münaqişə zonasında pozuntuları qeydə alıb.
Qurum Rusiyanı Ukraynadakı müharibə zamanı insanlığa qarşı cinayətlərdə ittiham edən hesabatlar yayıb. “Amnesty İnternational” hesabatlarından birində həmçinin Ukrayna qoşunlarının beynəlxalq humanitar hüququ pozaraq xəstəxana və məktəblərdə bazalar yaratdıqlarına da diqqət çəkib. Hesabat Kiyevin tənqidinə səbəb olsa da, təşkilat öz araşdırmalarını “tam şəkildə dəstəklədiyini” bildirib.
Eyni zamanda, “Amnesty International” Qəzza zolağındakı vəziyyətlə bağlı hesabatlar dərc edib ki, bu hesabatlar da təşkilatı qərəzli olmaqda suçlandıran İsrailin dəfələrlə tənqidinə tuş gəlib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Rusiya Amnestyİnternational qadağa