Azərbaycan nümayəndə heyəti Kubada bir sıra görüşlər keçirib

   Azərbaycan nümayəndə heyəti Kubada bir sıra görüşlər keçirib
  23 May 2025    Oxunub:243
Azərbaycanın xarici işlər nazirinin müavini və COP29-un Baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 22-də Kuba Respublikasında səfərdə olub.
AzVision.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, səfər çərçivəsində Kubanın xarici işlər nazirinin çoxtərəfli əməkdaşlıq məsələləri üzrə müavini Anayansi Rodriqez Kamexo, eləcə də Karib Hövzəsi Birliyinə (KARİKOM) üzv dövlətlərin Kubada akkreditə olunmuş səfirləri ilə işçi görüşlər keçirilib, “Cubavision Internacional” televiziya kanalına müsahibə verilib.



Kuba xarici işlər nazirinin müavini ilə görüşdə iki ölkə arasında xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan uğurlu əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib. Tərəflər iqlim dəyişikliyi ilə mübarizə və bu kontekstdə Azərbaycanın COP29-a sədrliyi çərçivəsində əldə edilmiş tarixi nəticələr barədə fikir mübadiləsi aparıb, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə səylərin vacibliyini vurğulayıblar.



KARİKOM-a üzv dövlətlərin Kubadakı səfirləri ilə keçirilmiş görüş zamanı Azərbaycanın təşkilat və ona üzv ölkələrlə əlaqələrin inkişafına xüsusi önəm verdiyi bildirilib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə və sonrakı mərhələdə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə (SIDS) göstərdiyi humanitar və inkişafa yardım dəstəyi diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanla sözügedən qurum arasında əlaqələrin genişləndirilməsinə, birgə layihələrin təşviqinə və çoxtərəfli platformalarda əməkdaşlığın gücləndirilməsinə dair qarşılıqlı maraq ifadə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti