Politico: “Putin “qızıl körpü”nü yandırıb” - VİDEO

      Politico:    “Putin “qızıl körpü”nü yandırıb” - VİDEO
  28 May 2025    Oxunub:607
Rusiya prezidenti Vladimir Putin münasibətləri bərpa etmək üçün ABŞ prezidenti Donald Trampın ona təklif etdiyi “qızıl körpünü” dağıtmaq ərəfəsindədir.
AzVision.az xəbər verir ki, Ağ Ev administrasiyasındakı naməlum mənbə “Politico” nəşrinə açıqlamasında belə deyib.

“Putin Trampın onun qarşısında açdığı qızıl körpünü yandırmağa təhlükəli dərəcədə yaxındır. Trampın Putinə qarşı səbri tükənir və ABŞ prezidenti Moskvanın Ukraynaya qarşı davam edən hücumlarına cavab olaraq ona qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür”, - bildirib.

Əvvəllər Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyini nümayiş etdirən Tramp son günlər ritorikasını kəskin şəkildə dəyişib. O, ictimaiyyətə verdiyi son açıqlamalarında Rusiya prezidentini “odla oynamaqda” günahlandıraraq, bunun mümkün nəticələri barədə xəbərdarlıq edib. Belə bəyanatlar Rusiyanın Ukraynaya son zamanlar ən böyük hücumu fonunda səslənir. Bu hücumda 350-dən çox pilotsuz təyyarə və ən azı doqquz qanadlı raketdən istifadə edilib.

Tramp Putini qınayıb və yeni sanksiyalarla hədələyib - VİDEO
Bu reallıqlar fonunda Tramp administrasiyasında Rusiya ilə bağlı bundan sonra nə edilməsi ilə bağlı fikir ayrılıqları var. Bəzi məmurlar sərt sanksiyalar, o cümlədən energetika və bank sektoruna məhdudiyyətlər tətbiq etməyə çalışır, digərləri isə bu cür tədbirlərin diplomatik səylərə mane ola biləcəyindən narahatdırlar.

Dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Kit Kelloq Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqinə çalışırlar. Onların fikrincə, daha sərt mövqe Moskvanı ciddi danışıqlara vadar edə bilər.

Bununla belə, Donal Tramp iqtisadi məhdudiyyətlərin effektivliyinə şübhə etdiyini və onların ABŞ-nin iqtisadi maraqlarına zərər verə biləcəyindən narahat olduğunu bildirərək, hələlik yekun qərar verməyib.

- Mayın 19-da Avropa liderləri ilə söhbətində Tramp açıq şəkildə bildirib ki, o, danışıqlar prosesindən faktiki olaraq geri çəkilir, lakin Rusiyaya qarşı sanksiyaları artırmayacaq ”, - “The New York Times” nəşri məlumatlı mənbələrə istinadən yazıb.

Eyni zamanda, “Reuters” agentliyinin məlumatına görə, bəzi avropalı diplomatlar Tramp administrasiyasında Ukraynadakı münaqişənin həlli üçün aydın və əlaqələndirilmiş strategiyanın olmamasından narahatlıqlarını gizlətmirlər. Onlar qeyd edirlər ki, administrasiyanın müxtəlif məmurları ziddiyyətli bəyanatlar verir, çaşqınlıq yaradırlar ki, bu da ABŞ-nin mövqeyini başa düşməyi çətinləşdirir.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Putin   Tramp   körpülər  





Xəbər lenti