Mayın 28-də Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, həmçinin səfirliyin əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, şirkətin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən azərbaycanlı iş adamları, ictimai xadimlər Tbilisidə Heydər Əliyev adına parka gələrək müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Liderin abidəsinin önünə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları sonra şəhərin Botanika bağında yerləşən, görkəmli azərbaycanlıların panteonunda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin xatirəsini anıblar.

Daha sonra səfir və digər iştirakçılar Botanika bağında Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar salınmış Nar Bağına baxıblar.

Botanika Bağının direktoru İrina Danelia, müavinləri Tinatin Barblişvili və Giorgi Maqrakvelidze bağda aparılan abadlıq işləri barədə məlumat verib, Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik ediblər.
AzVision.az