WSJ: "Livan "Hizbullah"ın silahını əlindən alır"

      WSJ:    "Livan "Hizbullah"ın silahını əlindən alır"
  29 May 2025    Oxunub:510
"Livan Ordusu iranyönümlü "Hizbullah" terror təşkilatının ölkənin cənubundakı postlarını, anbarlarını silahsızlaşdırır".
"The Wall Street Journal" ("WSJ") qəzeti Livan hökumətinin adları çəkilməyən nümayəndələrinə istinadən yazır ki, proses İsrail və ABŞ kəşfiyyatlarının dəstəyi ilə həyata keçirilir.

"Onlar "Hizbullah"ın silahsızlaşdırılması prosesinin sürətlə irəliləməsindən çox məmnundurlar. Hərçənd Livan Ordusu cənubdakı işi başa çatdırmada müəyyən problemlərlə qarşılaşır. Hər halda, İranın dəstəklədiyi bu terror təşkilatının hərbi gücünü əlindən almaq, bütün ölkə ərazisini nəzarətə götürmək Livan Silahlı Qüvvələrinin əsas amalıdır", - qəzetə danışan hökumət nümayəndələri söyləyirlər.

Eyni zamanda, Livanın Baş naziri Nəvvaf Səlam "WSJ"yə verdiyi müsahibədə diqqətə çatdırıb ki, ölkənin cənubundakı yaraqlıların tərksilah prosesi 80% başa çatıb.

"Əlbəttə, ölkəni vətəndaş müharibəsinə sürükləmək istəmirik, ancaq dövlətin səlahiyyətlərini genişləndirib möhkəmləndirmək zərurəti ilə əlaqədar öhdəliyimizi yerinə yetirəcəyik", - Baş nazir vurğulayıb.

İsrail Silahlı Qüvvələrinin qəzetə danışan, adı gizli saxlanılan nümayəndəsi də, öz növbəsində, "Livan Ordusunun "Hizbullah"ı silahsızlaşdırma əməliyyatından razı qaldıqlarını" dilə gətirib.
"Hizbullah" silahı yerə qoyur?

Xatırladaq ki, ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan qismən çəkilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   Hizbullah   münaqişə  





Xəbər lenti