Barrak: "Suriya və İsrail sülh müqaviləsi imzalaya bilər"

      Barrak:    "Suriya və İsrail sülh müqaviləsi imzalaya bilər"
  29 May 2025    Oxunub:470
(Tom Barrak və Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əş-Şərəə)

ABŞ-nin Suriya üzrə yeni xüsusi nümayəndəsi Tom Barrak Suriya ilə İsrail arasında münaqişənin həlli üzrə başlayan danışıqlara münasibət bildirib.
Barrak "Reuters" xəbər agentliyinə açıqlamasında diqqətə çatdırıb ki, rəsmi Vaşinqton sülh müqaviləsinin imzalanacağına inanaraq, bu məqsədlə aparılan danışıqları alqışlayır. Onun sözlərinə görə, sülh prosesinin ilk mərhələsində ölkələrin bir-birinə qarşı hücumdan imtina paktı razılaşdırılmalı, eyni zamanda, sərhədlər dəqiq müəyyənləşdirilməlidir.
İsrail və Suriya birbaşa danışıqlara başlayıb

Dünən "Reuters" xəbər agentliyinə danışan regional kəşfiyyat mənbələri bildirmişdilər ki, Suriyada keçən il dekabrın 8-də Bəşər Əsəd rejiminin devrilməsindən bəri rəsmi Dəməşq və Tel-Əvivin birbaşa danışıqlara başlayıb. Danışıqlar sərhəd boyu gərginliyi səngitmək, münaqişənin qarşısını almaq məqsədi daşıyır. Hərçənd mənbələr danışıqların əhatə dairəsi və cari vəziyyəti ilə əlaqədar hər hansı təfərrüat verməyiblər. İsrail və Suriya da "Reuters"in yaydığı bu xəbərə rəsmi şərh verməyib.

Xatırladaq ki, keçən ilin dekabrında Suriyada Bəşər Əsəd rejiminin müxalif qüvvələr tərəfindən devrilməsinin ardınca İsrail Silahlı Qüvvələri bu ölkə ilə sərhəddə, habelə onun daxilində hərbi əməliyyatlara başlayıb. Rəsmi məlumata görə, bu əməliyyatların yeganə məqsədi İsrail dövlətinin və xalqının təhlükəsizliyi qorumaqdır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Suriya   İsrail   ABŞ   danışıqlar  





Xəbər lenti