Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı İrana çağırış edib

   Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı İrana çağırış edib
  29 May 2025    Oxunub:494
Zəngəzur dəhlizi təkcə Naxçıvanla Azərbaycanın qərb bölgələri arasında quru yolu deyil, həm də Türkiyəni Türk dünyası ilə birləşdirən yeni inteqrasiya marşrutudur. Bu marşrutun tezliklə açılması Cənubi Qafqazın həm nəqliyyat, həm də enerji infrastrukturunu gücləndirəcək.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində deyib. Türkiyə dövlətinin başçısı vurğulayıb ki, Ankara Cənubi Qafqazı münaqişə deyil, sülh və sabitlik zonası kimi görmək istəyir. O əlavə edib: “Bölgədə davamlı sülhdən bütün tərəflər faydalanacaq. Azərbaycan ilə Ermənistan arasında sülhün artıq üfüqdə görünməsindən məmnunuq”. Prezident Ərdoğan Türkiyənin bu prosesi yaxından izlədiyini, ona lazımi töhfə verdiyini qeyd edib.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh Türkiyə üçün də dəyərli olacaq. “Biz Ermənistanla normallaşma prosesini diqqətlə irəliyə doğru aparırıq. Buna nail olunarsa və münasibətlər normallaşarsa, razılaşmanın Türkiyə üçün faydasını görəcəyik. Buna heç bir şübhə yoxdur”, - deyə Prezident Ərdoğan bildirib.

Siyasətçi qeyd edib ki, Türkiyə qonşu İrandan da regionda əmin-amanlığın, sülhün və inkişafın təmin edilməsi istiqamətində addımları dəstəkləməsini gözləyir. “Mən istərdim ki, onlar qarşılıqlı fayda mühitindən yararlansınlar. Atılan hər bir addım, hər açıq qapı və dəhliz iqtisadi səmərə ilə əlaqələndirilir ki, bu da ölkələrin bir-birinə daha da yaxınlaşmasına imkan verir”, -deyə o vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti