Argentinada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Argentinada Azərbaycanın Müstəqillik Günü qeyd olunub
  30 May 2025    Oxunub:587
Azərbaycanın Argentinadakı səfirliyinin təşkilatçılığı ilə Buenos-Ayres şəhərində 28 May - Müstəqillik Günü ilə əlaqədar rəsmi qəbul keçirilib.
Səfirlikdən AzVision.az -a bildirilib ki, hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə səfir Rəmzi Teymurov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin qurulması tarixi, müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olması, qadınlara seçki hüququ verilməsi, ilk respublikamızın qazandığı nailiyyətlər və digər mühüm özəllikləri barədə qonaqları məlumatlandırıb.

Səfir 1991-ci ildə ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra üzləşdiyi sınaqların və çağırışların öhdəsindən uğurla gəlməsi, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müasir Azərbaycanın davamlı inkişaf yoluna qədəm qoyması və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin regionun ən güclü dövlətinə çevrilməsi, dünya miqyasında artan nüfuzu və həyata keçirilən müdrik siyasətin nəticəsi olaraq torpaqlarımızın 30 illik işğaldan azad edilməsini diqqətə çatdırıb.

Diplomat Azərbaycan-Ermənistan normallaşma prosesi üzrə əldə olunmuş nailiyyətlərdən bəhs edib, eyni zamanda Ermənistanın 30 illik hərbi işğalının nəticəsi olaraq ölkəmizin təxminən 13 faiz ərazisinin mina çirklənməsinə məruz qaldığını vurğulayıb.

Daha sonra Azərbaycan-Argentina əlaqələri və onun perspektivləri qeyd edilib, eləcə də müxtəlif sahələrdə ikitərəfli təmasların intensivləşdirilməsindən duyulan məmnunluq ifadə olunub.

Tədbirin sonunda Argentinanın La Plata Milli Universitetində fəaliyyət göstərən “Azərbaycanşünaslıq” kafedrasının üzvlərinin müəllifi olduğu, Azərbaycan və regiona dair araşdırma materialları qonaqlara təqdim edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti