O, ABŞ prezidenti Donald Trampın əvvəlcədən atəşkəs haqqında təkid etdiyini xatırladıb. Ukrayna və Avropa ölkələri Amerikanın mövqeyinə uyğunlaşmaqda çeviklik sərgiləyərək, qəfildən bunu qəbul etdilər, Moskva isə buna getmədi.
“İndi Rusiya eyni səviyyədə uyğunluq nümayiş etdirə bilmədiyi üçün, əslində Amerika və atəşkəs istəyən beynəlxalq ictimaiyyətin gözündə əlverişsiz vəziyyətə düşə bilər”, - Türkiyə XİN-in rəhbəri deyib.
Qeyd edək ki, Ukrayna və Avropanın birdən-birə atəşkəsə razılşaması iddiası çox mübahisəlidir. Çünki “qeyd-şərtsiz atəşkəs” hazırkı şəraitdə məhz elə Ukraynanın və onun avropalı müttəfiqlərinin israrlı olduqları şərtdir. Əslində Rusiyanın bu şərti qəbul edəcəyini gözləmək sadəlöhvlük olardı.
Hakan Fidan, eyni zamanda nazir vurğulayıb ki, Türkiyə münaqişənin həllində davamlı olaraq öz rolunu oynamaq niyyətindədir.
- Sülhün özündən başqa heç bir strateji hədəfimiz yoxdur. Biz xarici siyasət məqsədlərimizi təyin edərkən, xüsusilə də ətrafımızdakı müharibələri və gərginliyi azaltmaq və dayandırmaq kimi xarici siyasət hədəfini irəli sürdük. Çünki regionunuzda sabitlik yoxdursa, bu, təhlükəsizliyinizə və iqtisadiyyatınıza təsir edir”, - türkiyəli nazir vurğulayıb.
Onun fikrincə, danışıqlar prosesi “daha optimist forma almağa başlayıb” və tərəflər “müəyyən nəticələrə” nail olublar: birbaşa danışıqlara gediblər, əsirləri dəyişdiriblər, atəşkəslə bağlı mövqelərini rəsmən açıqlayıblar. İndi tərəflər danışıqlardakı mövqelərini bir-birinə açıqlamalı və müzakirələrə başlamalıdırlar.
![]() |
Kreml Rusiyanın şərtlərini gizli saxlayır - VİDEO |
Bundan əlavə, Ankara avropalılarla əlaqə saxlayır. Rusiyanın “TASS” agentliyinin mənbəsi Fidanın Avropa İttifaqının (Aİ) Xaerici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas ilə danışdığını təsdiqləyib.
“Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq üçün atılan addımlar müzakirə edilib. Nazir Fidan bu həftənin əvvəlində Rusiyada keçirilən görüşlər və Ukraynaya gözlənilən səfərlə bağlı fikirlərini bölüşüb”, - mənbə deyib.
Xatırladaq ki, iki gün əvvəl Moskvaya səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə və rusiyalı həmkarı Sergey Lavrovla görüşlər keçirən Hakan Fidan danışıqları davam etdirmək üçün Türkiyənin bir daha tərəflərin nümayəndə heyətlərini qəbul etməyə hazır olduğunu diqqətə çatdırıb.
Moskva iyunun 2-də Türkiyədə danışıqların ikinci raundunu keçirmək istədiyini bildirib. Ukrayna birbaşa razılıq verməyib və ya imtina etməyib, lakin əvvəlcə memorandum layihəsinin göndərilməsini istəyib. Rusiya isə sənədin məzmununu əvvəlcədən açıqlamadan onu birbaşa görüşdə müzakirə etmək istəyir.
Kiyev Moskvanın belə mövqeyini Rusiyanın memoranduma Ukrayna tərəfindən qəbul oluna bilməyəcək şərtlər salması ilə əlaqələndirir.
Sahil İsgəndərov
AzVision.az