ABŞ-nin Qəzza üzrə planı...HƏMAS razı deyil

“The Times of Israel” nəşri dəqiqləşdirir ki, birinci mərhələ çərçivəsində 10 canlı girov və 18 ölən şəxsin qalıqları İsrailə qaytarıla bilər, 58 nəfərdən qalan 30-u isə daimi atəşkəs haqqında razılıq əldə edildikdən sonra sərbəst buraxılacaq.
“ABŞ-nin planı İsrailin Qəzzada bütün hücum fəaliyyətini dayandırmağı və qoşunların mərhələli şəkildə çıxarılmasını nəzərdə tutur. Atəşkəs 60 gün davam edəcək və bu müddət ərzində daimi atəşkəs razılaşdırıla bilmədikdə uzadıla bilər”, - məlumatda vurğulanır.
Birləşmiş Ştatlarla yanaşı, əsas vasitəçilər Misir və Qətərdir ki, bu da “HƏMASA”-a BMT strukturları, Qırmızı Xaç və digər beynəlxalq təşkilatlar vasitəsilə humanitar yardımın çatdırılmasına zəmanət verir.
İsrailin “Kanal 12” telekanalı baş nazir Binyamin Netanyahunun girovların ailələri ilə görüşündə Təl-Əvivin təklif olunan planla razılaşdığını bildirdiyini iddia edir.
-Hərəkat ABŞ prezidentinin elçisi Stiven Uitkoffun Qəzza zolağı ilə bağlı yeni atəşkəs təklifini rədd edəcək. HƏMAS İsrailin təsdiq etdiyi təkliflə razılaşmayacaq, çünki bu, hərəkatın əsas tələblərinə, o cümlədən müharibənin dayandırılmasına cavab vermir”, - hərəkatın təmsilçisinə istinad edən “BBC” telekanalı bildirir.
“HƏMAS”-ın siyasi bürosunun üzvü Basem Naimə istinad edən “Reuters” agentliyi də xəbər verir ki, təklif olunan saziş tələblərin heç biri, ilk növbədə isə, müharibənin dayandırılması ilə uzlaşmır.
Yeni təklifin təfərrüatları açıqlanmayıb, lakin “HƏMAS”-ın başqa təmsilçisi Sami Əbu Zühri “Reuters” agentliyinə bildirib ki, bu, İsrailin Qəzzadakı müharibəni dayandırmaq, onun qoşunlarını anklavdan çıxarmaq və ya yardımın müharibədən zərər çəkmiş ərazilərə sərbəst axmasına imkan verməklə bağlı öhdəlikləri əhatə etmir.
Sahil İsgəndərov
AzVision.az