Rusiyada iki körpü partladıldı: Sülhə yol bağlandımı?

Rusiyada iki körpü partladıldı:  Sülhə yol bağlandımı?
  01 İyun 2025    Oxunub:683
Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Bryansk və Kursk vilayətlərində baş verən ardıcıl körpü partlayışları nəticəsində azı 7 nəfər ölüb, 69 nəfər yaralanıb. Partlayışların iki ölkə arasında sülh danışıqları ərəfəsində baş verməsi təxribat olduğu düşüncəsini ortaya çıxarıb.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, Bryansk vilayətində dəmiryol xəttinin üzərindən keçən avtomobil körpüsü şənbə günü yerli vaxtla saat 22:50-də (GMT ilə 19:50) partladılıb. Hadisə baş verən zaman 388 sərnişini Moskva istiqamətində aparan qatar həmin ərazidən keçirmiş. Partlayış nəticəsində vaqonlar zədələnib, sosial şəbəkələrdə sərnişinlərin qaranlıqda vaqonlardan çıxmağa çalışdığı görüntülər yayılıb.

Cəmi dörd saat sonra isə Kursk vilayətində dəmiryolu körpüsü partladılıb. Partlayış nəticəsində yük qatarının hissələri yola dağılıb. Rusiya İstintaq Komitəsi hər iki insidentin əlaqəli olduğunu və körpülərin qəsdən partladıldığını açıqlayıb.

Hadisələr ABŞ-ın təşəbbüsü ilə keçiriləcək İstanbul danışıqlarından bir gün öncə baş verib.

Rusiya rəsmiləri baş verənləri Ukrayna xüsusi xidmət orqanlarının təxribatı adlandırıb. Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib ki, bu cəhdlər Moskvanın sülh danışıqlarındakı mövqeyini sərtləşdirməyə məcbur etmək və cəmiyyətdə qorxu yaratmaq məqsədi güdür. Kremlin yaydığı məlumata görə, Prezident Vladimir Putin hadisələri barədə Federal Təhlükəsizlik Xidməti və Fövqəladə Hallar Nazirliyindən mütəmadi məlumatlandırılıb.

Bu arada, Ukrayna tərəfi hadisəyə görə məsuliyyət isə üzərinə götürməyib. Ukraynanın hərbi kəşfiyyatı Rusiya nəzarətindəki Zaporojye bölgəsində Rusiya qatarının partlayış nəticəsində relsdən çıxdığını açıqlayıb. Rəsmi Kiyev hələlik sülh danışıqlarında iştirakla bağlı qəti qərar verməyib, əvvəlcə Rusiyanın təkliflərini gözlədiyini bildirib. ABŞ Prezidenti Donald Tramp itərəfləri növbəti dəfə sülhə çağırıb və əks halda prosesdən çəkiləcəyi ilə hədələyib. Bu isə Ukraynaya dəstək yükünü Avropa ölkələrinin üzərinə qoya bilər. ABŞ Senatının aparıcı üzvlərindən biri isə Moskvanı yeni sanksiyalarla “sərt şəkildə vuracaqları” ilə xəbərdar edib.

Qeyd edək ki, siyasi dairələrdə sülh müzakirə olunduğu bir vaxtda cəbhədə vəziyyət gərgin olaraq qalır. Həm Rusiya, həm də Ukrayna tərəfindən pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilir, Rusiya isə şərq cəbhəsində bir neçə istiqamətdə irəliləyir. Vaşinqtonun hesablamalarına görə, müharibə nəticəsində indiyədək 1,2 milyon nəfər ölüb və ya yaralanıb.



Məhəmmədəli Həsənli
AzVision.az











Teqlər:





Xəbər lenti