Fransa və Belçikadan gözlənilməz addım

   Fransa və Belçikadan gözlənilməz addım
  04 İyun 2025    Oxunub:1231
Fransa və Belçika hökumətləri Avropa İttifaqı (Aİ) rəhbərliyinin 2027-ci ilin sonuna qədər mövcud müqavilələr çərçivəsində Rusiyadan boru kəməri və mayeləşdirilmiş təbii qaz (LNG) idxalına qadağa qoyulması planını dəstəkləməkdən imtina ediblər.
AzVision.az xəbər verir ki, Belçika və Fransa hökumətlərinin nümayəndələri “Politico” nəşrinə açıqlamalarında belə bir hərəkətin iqtisadi və hüquqi nəticələri ilə bağlı onlara əlavə məlumatın lazım olduğunu bildiriblər. İspaniya və Hollandiya isə Brüsselin planını dəstəkləyib.

“Aİ-nin təklifləri həyata keçirilməsi üçün bütün üzv dövlətlərin razılığı tələb olunur. Macarıstan və Slovakiya, çox güman ki, Rusiyanın enerji təchizatını saxlamaq məqsədilə qadağanın qarşısını almağa çalışacaq”, - nəşr yazır.

Bir çox avropalı siyasətçilər və sənaye nümayəndələri də elektrik enerjisinə görə yüksək ödənişləri və iqtisadiyyatdakı problemləri əsas gətirərək, Ukraynadakı münaqişə başa çatdıqdan sonra Rusiyadan enerji təchizatının qaytarılması ideyasını müdafiə edirlər.

Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyası (AK) Rusiya qazından imtina təşəbbüslərini açıqlamışdı. Yol xəritəsində 2025-ci ilin sonuna qədər Rusiya qazının idxalı üzrə yeni sövdələşmələri və spot müqavilələri qadağan etmək niyyəti vurğulanıb. AK, həmçinin 2027-ci ilin sonuna qədər Rusiyadan boru kəməri qazı və LNG idxalını qadağan etmək istəyir.

Eyni zamanda, Rusiya qazının alınmasına qadağa Aİ şirkətləri üçün məcburi ola bilər və bu, müqavilələr üzrə fors-major vəziyyətin elan edilməsi demək olacaq. Son hüquqi qüvvəyə malik təkliflər iyun ayında AK-ya təqdim olunacaq. Bu təşəbbüslərin qüvvəyə minməsi üçün qərar Aİ Şurasında birliyə üzv olan dövlətlər tərəfindən təsdiqlənməlidir.

Hələ 2022-ci ilin may ayında Aİ 2027-ci ilə qədər Rusiya qazından asılılığa son qoymağa yönəlmiş “REPowerEU” proqramını işə salıb. Bununla belə, qiymətlərin və onun Rusiyadan tədarük həcminin artması nəticəsində Aİ-nin Moskvadan aldığı LNG-nin dəyəri üç il ərzində təxminən dörd dəfə yüksəlib.

Əgər 2022-ci ilə qədər Ruasiya Aİ-nin qaz tələbatının 40%-ni ödəyirdisə, 2023-cü ilə bu rəqəm təxminən 15%-ə düşmüşdü. Lakin 2024-cü ildə Rusiya qazının Aİ-yə tədarükü artaraq, təqibən 19%-ə çatdı ki, bu da Brüsselin kəskin tənqidinə səbəb olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avropa   Rusiya   qaz  



Xəbər lenti