Niderland israilli nazirlərə qadağa qoyub

   Niderland israilli nazirlərə qadağa qoyub
  29 İyul 2025    Oxunub:1006
Niderland Qəzza zolağında humanitar böhranla əlaqədar İsrailə təzyiq tədbirləri çərçivəsində ifrat sağçı maliyyə naziri Betsalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin bu ölkəyə girişini yasaqlayıb.
Niderland mətbuatının yaydığı məlumata əsasən, qadağa qərarını şəxsən xarici işlər naziri Kaspar Veldkamp verib. O bu qərarı haqqında ölkənin deputatlarına da rəsmi məktub göndərib.

"Çünki adları çəkilən şəxslər Fələstin əhalisinə qarşı zorakılığa, Qəzza zolağında etnik təmizləməyə dəfələrlə açıq çağırışlar dilə gətiriblər", – məktubda vurğulanır.

İsrailli nazirlər özlərinin "X" hesablarında Niderland hökumətinin bu qərarından təəssüfləndiklərini yazıblar.

"Bütün Avropaya girişimə qadağa qoyulsa belə, öz ölkəmin gələcəyi və HƏMAS-ın məhvi uğrunda çalışacağam. Avropa artıq elə bir yerə çevrilib ki, terrorçulara qucaq açırlar, yəhudiləri isə gözləri götürmür", – İtamar Ben-Qvir bildirib.

Betsalel Smotriç isə öz cavabında "Niderlandın radikal islama təslim olduğunu" diqqətə çatdırıb.

"Niderlandda və digər Avropa ölkələrində başa düşmürlər ki, məndən ötrü Niderlanda giriş yox, övladlarımın, nəvə-nəticələrimin və dünyadakı bütün yəhudilərin İsrail Dövlətində əsrlər boyu təhlükəsiz şəraitdə yaşaya bilmələri vacibdir", – Smotriç vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Niderland   İsrail   nazir   qadağa  



Xəbər lenti