İran valyutasından 4 sıfır götürülüb

   İran valyutasından 4 sıfır götürülüb
  04 Avqust 2025    Oxunub:1057
İran İslam Şurası Məclisinin (parlament) iqtisadi komissiyası ölkənin getdikcə ucuzlaşan milli valyutasından (rial) 4 sıfırı atmaq, beləliklə, inflyasiyanın qarşısını almaq planını təsdiqləyib.
Bu barədə sözügedən komissiyanın sədri Şəmsəddin Hüseyni yerli mətbuata məlumat verib. O diqqətə çatdırıb ki, bu islahat "Pul və Banklar haqqında" Qanunun 1-ci maddəsinə dəyişiklik üzrə qanun layihəsi çərçivəsində aparılır. Layihəyə əsasən, pul vahidinin adının da "tümən"ə dəyişdirilməsi nəzərdə tutulsa da, ölkənin Mərkəzi Bankı bu addımı məqbul saymayıb.

Beləliklə, təsdiqlənmiş islahata görə, İranda yeni 1 rial keçmiş 10 min riala bərabər sayılacaq. 100 qiran (qəpik) isə 1 rialdır.

"Bu islahatlarla həm Nəzarət Şurasının etirazları aradan qaldırıldı, həm də dəyişiklik aparılan maddə "Mərkəzi Bank haqqında" Qanuna uyğunlaşdırıldı. Dörd sıfırın götürülməsi, valyuta vahidində kəmiyyət dəyişiklikləri hökumətin təklifi və parlamentin qərarı ilə qorunub saxlanıldı", – Hüseyni deyib.

Hazırda qanun layihəsinin parlamentin səsverməsindən keçməsi, ardınca isə Nəzarət Şurası tərəfindən təsdiqlənməsi gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   pul   islahat  



Xəbər lenti