Trampın müşaviri Hindistanı ittiham edir

   Trampın müşaviri Hindistanı ittiham edir
  22 Avqust 2025    Oxunub:1043
Hindistanın Rusiya neftinə ehtiyacı yoxdur, sadəcə, Nyu-Dehli “neft emalından qazanc sxemi”ndə iştirak edir.
AzVision.az “C-Span” portalına istinadən xəbər verir ki, Ağ Evin Ticarət və İqtisadi məsələlər üzrə müşaviri Peter Navarro jurnalistlərlə söhbətində belə deyib.

“Financial Times” nəşrində dərc olunan məqləsini şərh edən Navarro, strateji məsələlərdə ABŞ ilə əlaqə qurmaq istəsə, Hindistanı “lazımi səviyyədə davranmağa” çağırdığını vurğulayıb. O, bunu “Hindistan hökumətinin yaydığı təbliğatı dağıtmaq” üçün yazdığını söylədi.

“2022-ci ildə Ukraynada müharibə başlamazdan əvvəl Hindistan Moskvadan demək olar ki, neft almırdı, lakin indi Rusiyanın ümumi idxaldakı payı 35%-ə yüksəlib. Onların Rusiya neftinə ehtiyacı olması ilə bağlı arqumentlər cəfəngiyyatdır", - Ağ Evin müşaviri iddia edib.

ABŞ prezidenti Donald Trampın avqustun əvvəlində elan etdiyi Hindistana əlavə 25 faizlik gömrük rüsumları barədə sualın cavabında Peter Navarro bildirib ki, Nyu-Dehli Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirməkdə “öz rolunu etiraf etmək istəmir”.

- Hindistan ABŞ ilə ticarətdən qazanılan dollarlara neft alır, onu emal edir və “bir ətək” pul qazanır. Hindistanın neftə görə ödədəiyi pulu sonra ruslar daha çox silahın istehsalı üçün stifadə edirlər”, - Ağ Evin müşaviri vurğulayıb.

Lakin Hindistanın Xarici İşlər naziri Subramanyam Cayşankar Navarronun ittihamlarında məntiq görmədiyini bildirib. Onun sözlərinə görə, Rusiya neftinin ən böyük alıcısı Çin, Rusiyanın maye qazının (LNG) alıcısı isə Avropa İttifaqıdır. Nazir xatırladıb ki, son illərdə ABŞ özü Hindistanı qlobal enerji bazarlarının sabitləşdirilməsində, o cümlədən Rusiyadan neft almaqda iştirak etməyə çağırıb.

Bununla belə, ABŞ hələ də ticarət danışıqları apardığı Çinə qarşı eyni tədbirlər görməyib. Tramp ötən həftə Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçirilən görüşdə irəliləyişə əsaslanaraq, Çin mallarına rüsumların artırılmasını hələlik dayandıracağını bildirib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Navarro   Hindistan   ittiham  



Xəbər lenti