Moskva Kiyevə “Tomoqavk”lar verilməsi ehtimalını şərh edib

   Moskva Kiyevə “Tomoqavk”lar verilməsi ehtimalını şərh edib
  29 Sentyabr 2025    Oxunub:795
Kreml ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Vaşinqtonun Ukraynaya “Tomaqavk” raketləri vermək imkanını nəzərdən keçirdiyi barədə bəyanatlarını eşidib.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “RBK” telekanalına müsahibəsində belə deyib.

“Biz həqiqətən də bu bəyanatları eşitmişik və onları diqqətlə təhlil edirik. Təbii ki, bizim hərbi mütəxəssislərimiz onları diqqətlə izləyir. Məsələ raketləri kimin atacağındadır. Ukraynalılar, yoxsa Amerika hərbçiləri? Hədəfləri kim müəyyənləşdirəcək?”, - Kremlin sözçüsü vurğulayıb.

Sentyabrın 28-də Cey Di Vens bildirib ki, ABŞ Ukraynaya “Tomaqavk” qanadlı raketlərinin verilməsi imkanını müzakirə edir, lakin qərar prezident Donald Trampın səlahiyyətindədir.

- Bu məsələ ilə bağlı yekun qərarı prezident verəcək. Mən söz deməyi prezidentin öhdəsinə buraxıram, amma bilirəm ki, biz bunu hazırda müzakirə edirik”, - Vens deyib.

Kelloq: “Tramp Rusiyaya zərbələrin əleyhinə deyil”
Xatırladaq ki, Amerika liderinin xüsusi nümayəndəsi Kit Kelloq Donald Trampın Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirməsinin əleyhinə olmadığını iddia edərkən məhz Cey Di Vensin bu açıqlamasına da istinad edib.

Daha əvvəl “The Wall Street Journal (WSJ)” nəşri Ukrayna prezidenti Volodimir Zelenskinin Nyu-Yorkda Trampdan “Tomaqavk” raketlərini (2500 km-ə qədər mənzilli) istədiyini yazmışdı. “Axios” portalı, öz növbəsində, bildirib ki, Kiyev son bir il ərzində dəfələrlə Vaşinqtondan “Tomaqavk” raketləri istəsə də, onun xahişi rədd edilib.

Rusiya prezidenti Vladimir Putinin iddiasına görə, Ukraynanın Rusiyaya uzaqmənzilli silahlarla zərbə endirməsinə icazə verilməsi “NATO ölkələrinin onunla müharibə vəziyyətində olması” anlamına gələcək. Kreml zərbə zonasına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını münaqişənin həlli səylərinə zidd olan “çox təhlükəli” qərar adlandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   Tomoqavk  



Xəbər lenti