Qazaxıstan AES tikir

   Qazaxıstan AES tikir
  01 Oktyabr 2025    Oxunub:799
Qazaxıstan hökuməti ölkənin Abay vilayətinin Kurçatov şəhərində atom elektrik stansiyasının (AES) tikintisi ilə əlaqədar ilkin hesablamalar aparır.
Bu barədə Qazaxıstanın Atom Enerjisi Agentliyinin sədri Almasadam Sətkaliyev yerli mətbuata məlumat verib. O diqqətə çatdırıb ki, AES-in tikintisi ölkədə 2050-ci ilədək uran sənayesinin inkişaf strategiyası layihəsi çərçivəsində həyata keçiriləcək. Bu baxımdan Kurçatov şəhərinin ərazisi stansiya üçün perspektivli yer sayılır.

"Milli Nüvə Mərkəzi beynəlxalq mütəxəssislərin köməyi ilə adıçəkilən şəhərdə AES tikintisinin mümkünlüyünü müfəssəl qiymətləndirərək təsdiqləyib. Hazırda hökumətin planları və proqnozlaşdırılan enerji balansı fonunda müvafiq hesablamalar hazırlanır", - sədr bildirib.

Almasadam Sətkaliyevin sözlərinə görə, stansiyanın tikintisi üçün yerin yararlılığı ilə əlaqədar Beynəlxalq Atom Enerjisi Agentliyindən (BAEA), habelə yerli və xarici mütəxəssislərdən müvafiq razılıq alınıb. Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kurçatovda AES-in tikintisi çərçivəsində elm şəhəri planının hazırlanmasına göstəriş verib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qazaxıstan   AES  



Xəbər lenti